May 16, 2022 20:37 Asia/Baku
  • İran və Tacikistan terrorizmlə mübarizə sahəsində əməkdaşlığı müzakirə ediblər

İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general-mayor Məhəmməd Hüseyn Baqiri Tacikistanla hərbi və müdafiə sahəsində əməkdaşlığı genişləndirmək üçün yüksək səviyyəli nümayəndə heyətinə başçılıq edərək, bazar ertəsi Tacikistanın paytaxtı Düşənbəyə gedib.

SəhərAzəri-nin məlumatına əsasən, İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general-mayor Məhəmməd Baqiri və Tacikistanın müdafiə naziri general-polkovnik Şirəli Mirzə bazar ertəsi Düşənbədə keçirilən görüşdə terrorizmlə mübarizədə əməkdaşlığın zəruriliyinə çağırıblar.

Hər iki rəsmi həmçinin birgə hərbi təlimlər keçirməyə və hərbi texnikanın təkmilləşdirilməsinə çağırıblar.

Baqiri və Mirzə həmçinin Əfqanıstana diqqət yetirməklə regional əməkdaşlığı müzakirə ediblər.

Tacikistanın müdafiə naziri İranın terrorizm, mütəşəkkil cinayətlər və narkotik ticarəti ilə mübarizədə birgə əməkdaşlıq planlarını alqışlayıb.

Onun sözlərinə görə, birgə hərbi təlimlərin keçirilməsi və hərbi texnikanın tətbiqi İran və Tacikistan silahlı qüvvələrinin əsas prioritetlərindəndir.

Qeyd edək ki, general-mayor Məhəmməd Baqiri Tacikistan Respublikasının müdafiə nazirinin rəsmi dəvəti ilə bu ölkəyə səfər edib. 

Onun ölkənin yüksək səviyyəli siyasi və müdafiə rəsmiləri ilə danışıqlar aparması, ikitərəfli və regional əməkdaşlıq məsələlərini müzakirə etməsi, həmçinin Tacikistan Silahlı Qüvvələrinin hərbi bazalarına və müdafiə planlarına baş çəkməsi planlaşdırılır.

Teqlər