Rəsmi Tehran müharibənin daynmasına öz töhfəsini verə bilər
İran Rusiya və Ukrayna arasında vasitəçilik etmək niyyətindədir
İran İslam Respublikası Rusiya və Ukrayna arasında vasitəçilik etmək niyyətindədir. Bu bəyanatla İranın XİN sözçüsü çıxış edib.
SəhərAzəri-nin məlumatına əsasən, İran Xarici İşlər Nazirliyinin sözçüsü Səid Xətibzadə deyib ki, hər iki tərəf İranın vasitəçiliyini ciddi qəbul edir.
Səid Xətibzadə bildirib ki, İranın Moskva ilə Kiyev arasında vasitəçilik və münaqişənin həlli istiqamətində səylərini bərpa etmək niyyətindədir.
"Biz Ukrayna ilə Rusiya arasındakı münaqişənin həllinə bacardığımız qədər və hər iki tərəf hazır olduğu qədər töhfə verə biləcəyik. İran İslam Respublikası, inşallah, yeni bir fəaliyyətə başlayacaq. Bu, münaqişənin həlli üçün səylərimizin bir hissəsidir", - deyə Xətibzadə vurğulayıb.
O, həmçinin qeyd edib ki, hər iki tərəf İranın vasitəçiliyini ciddi qəbul edir. Xətibzadənin sözlərinə görə, bu, həm İranın xarici işlər naziri Hüseyn Əmir-Abdullahiyanın səfərləri zamanı, həm də Ukraynanın xarici işlər naziri Dmitri Kuleba ilə təmaslarda bildirilib.
Ukrayna ətrafında cərəyan edən hadisələrin səbəbinə gəlincə iranlı rəsmi deyib ki, NATO blokunun genişlənməsi və Qərb dünyasının Rusiyanın təhlükəsizlik narahatlıqlarına məhəl qoymaması müharibəyə səbəb oldu.
“Düşünürük ki, bu gün gördüyümüz hər şeyin kökündə NATO-nun genişlənməsi və ya Avropa reallıqlarına məhəl qoymamaq dayanır. Bu, Qərb tərəfindən bir sıra ölkələrin, xüsusən də Rusiyanın siyasi təhlükəsizlik mülahizələrinə, eləcə də onilliklər əvvəl bağlanmış sazişlərinə məhəl qoyulmamasıdır”, - deyə Xətibzadə söyləyib.