İran XİN başçısı önəmli açıqlama verdi
“Ukraynaya hücumu kəskin şəkildə pisləmişik”
İranın xarici işlər naziri Ukraynaya hücumun Tehran tərəfindən kəskin şəkildə pislənildiyini vurğulayıb.
SəhərAzəri-nin məlumatına əsasən, İran İslam Respublikasının xarici işlər naziri Hüseyn Əmir-Abdullahiyan Davos Ümumdünaya İqtisadi Forumu çərçivəsində ABŞ-ın “Newsweek International” həftəlik dərgisinin redaktoru, tanınmış siyasi təhlilçi Fərid Zəkəriyyanın suallarını cavablandırarkən Ukrayna böhranı barədə fikirlərini söyləyib.
Əmir-Abdullahiyan deyib: “Biz Ukraynada baş verənləri, hərbi hücumu və Ukraynaya qarşı müharibəni qətiyyətlə pislədik. Hətta İran İslam İnqilabının Aliməqamlı Rəhbəri də açıq şəkildə bəyan edib ki, biz müharibəyə qarşıyıq.”
Fərid Zəkəriyyənin Rusiyanı qınayırsınızmı sualına cavab olaraq bildirib: “Biz Ukraynaya qarşı müharibəni səhv hesab etdiyimiz kimi, Əfqanıstan, İraq, Yəmən və Fələstinə qarşı müharibəni də yanlış hesab edirik. Ukrayna ilə bağlı bir fakt var, ABŞ və NATO regionda təxribat xarakterli addımlar atıb. Düşünürəm ki, bu müharibənin səbəbi ABŞ və NATO-nun hərbi mövcudluğunu artırmaq və Kremli təhrik etmək üçün atdığı təxribatçı hərəkətlərdir. Ona görə də bu real kökü nəzərə almaq lazımdır.”
Əmir Abdullahiyan qeyd edib: “ABŞ və NATO-nun bu təxribatına qarşı çıxmaq üçün həll yolu müharibədirmi? Biz siyasi dialoqu və danışıqları dəstəkləyirik. Mən cənab Lavrov və Ukraynanın xarici işlər naziri ilə iki dəfə danışmışam. Keçən həftə mən Lavrova təklif etdim ki, biz hər iki tərəfi İranda qəbul etməyə hazırıq və müharibə dayandırılmalıdır. Ukraynalı qaçqınların və bu bəşəri faciənin səhnələri hər bir insanın ürəyini ağrıdır. Ümid edirəm ki, səylərimiz müharibəni dayandırmağa və siyasi həllə diqqəti yönəltməyə kömək edəcək.”
İranlı nazir sonra deyib: “Bizim ikili standartlara əsaslanan davranışımız yoxdur. Ukraynada, Əfqanıstanda, Yəməndə, harda insan haqları pozulsa, harda müharibə və təcavüz olsa, biz buna qarşıyıq və pisləyirik. Hesab edirəm ki, biz hamımız Ukraynadakı müharibəni mümkün qədər tez bitirməyə və iki ölkənin problemlərini siyasi dialoq yolu ilə həll etməyə çalışmalıyıq”.