İran və Azərbaycan prezidentləri Aşqabadda görüşüblər
Rəisi: İran heç vaxt dostlarını çətinliklərdə tək qoymur
İran İslam Respublikasının prezideni Xəzəryanı ölkələrin dövlət başçılarının 6-cı sammiti çərçivəsində iyunun 29-da Aşqabadda azərbaycanlı həmkarı ilə görüşüb.
SəhərAzəri-nin məlumatına əsasən, Seyid İbrahim Rəisi bu görüşdə deyib: “Xəzər dənizi ilə bağlı önəmli məsələlərdən biri Xəzəryanı ölkələrin dövlət başçılarının mütəmadi olaraq görüşürmələridir. Məhz bu istiqamətdə, zati-alinizin Tehrana, mənim də Bakıya səfər etmək kimi planlarımız var”.
İran prezidenti eyni zamanda vurğulayıb ki, iki ölkə arasında münasibətlərin potensialı hazırda mövcud olandan daha çoxdur. "Hesab edirəm ki, biz münasibətlərimizdə olan bir çox potensialdan tam istifadə edə bilməmişik. Ona görə də, iki ölkə arasındakı siyasi, iqtisadi münasibətlər, ticarət, mədəniyyət əlaqələri mövcud olan vəziyyətdən daha da inkişaf etdirilə bilər", - deyə İran prezidenti qeyd edib.
Rəisi iki ölkə arasındakı münasibətlərin tarixinə toxunaraq əlavə edib: "İran İslam Respublikası çətin günlərində qonşuların dostu olduğunu sübut edib və heç vaxt dostlarını çətinliklərdə tək qoymur."
Prezident daha sonra İranın texniki və mühəndislik xidmətləri, o cümlədən energetika və inşaat mühəndisliyi sahəsində yüksək səviyyəli imkanlarına toxunaraq bildirib ki, bunlar iki ölkə arasında əməkdaşlığın genişləndirilməsi, eləcə də qarşılıqlı əlaqələrin inkişafı üçün əlverişli şərait yaradır.
Rəisi çıxışının başqa bir hissəsində işğalçı İsrail rejiminin bölgədə mövcudluğunun gərginlik amili olduğunu və bölgənin təhlükəsizliyinə heç bir fayda vermədiyini vurğulayaraq, qeyd edib ki, bölgənin təhlükəsizliyi ancaq region ölkələri və Xəzəryanı qonşuların əməkdaşlığı ilə təmin oluna bilər.
Cavab olaraq Azərbaycan Respublikasının dövlət başçısı İlham Əliyev keçən il dekabr ayı Türkmənistan paytaxtında iranlı həmkarı ilə görüşdən sonra münasibətlərə çox gözəl təkan verildiyni və əlaqələrin daha da sürətlə inkişaf etməyə başladığını bildirib.
İlham Əliyev qeyd edib ki, bir sıra məsələlərlə bağlı çox yaxşı irəliləyiş var, xüsusilə nəqliyyat, energetika və digər sahələrdə.
O, İran və Azərbaycan xalqlarının ortaq tarixini münasibətlər üçün gözəl təməl adlandırıb.