Bu gün Məhərrəm ayının 10-u Aşura günüdür
İmam Hüseyn (ə) qiyamı zülmə qarşı dirənişin rəmzidir
Hicri-qəməri təqvimi ilə bu gün 1444-cü ilin məhərrəm ayının 10-u hüznlü Aşura gününə təsadüf edir.
SəhərAzəri-nin məlumatına əsasən, hicrətin 61-ci ilində məhərrəm ayının 10-da İmam Hüseyn(ə) və onun 72 səhabəsi İraqın Kərbəla səhrasında zalım Bəni-Üməyyə xəlifəsi Yezid ibni Müaviyə tərəfindən şəhid edilib. İmam Hüseynlə (ə) birgə 72 nəfər qılıncdan keçirilir. Başsız bədənlər üstündə atlar çapılır. İmam Hüseynin (ə) ailəsi isə əsir götürülür.
Hadisənin 14 əsr bundan əvvəl baş verməsinə baxmayaraq, hər il bu qanlı hadisəni yüz milyonlarla insan xatırlayır və onu digər nəsillərə təlim edir. Zülm qarşısında qorxmazlıq hissi bu müqəddəs ayın ən bariz əlamətidir.
İmam Hüseyn (ə) Həzrəti Məhəmməd (s.ə.s) peyğəmbərin nəvəsi olmaqla yanaşı, həm də, birinci İmam Həzrət Əlinin (ə) oğlu, eyni zamanda üçüncü imamdır. İslam peyğəmbərinin ən sevimlisi olan İmam Hüseyn (ə) hicri tarixinin 4-cü ilinin şaban ayında dünyaya göz açıb. Peyğəmbər buyurub ki, o, cənnət gənclərinin ağasıdır.
Aşura günü baş verən faciə hərb baxımından adi görünsə də, az keçməmiş, bu faciə İslam dünyasında yeni və ciddi siyasi hərəkatlar yaradır. Tövbəkarlar qiyamı, Muxtar Səqəfinin qiyamı, Zeyd ibni Əlinin qiyamı və zülmkar hökumətlərə qarşı digər qiyamlar Aşura faciəsinin nəticəsində baş verib. Nəhayət, Əbu Muslim Xorasaninin İmam Hüseynin (ə) intiqamını almaq niyyəti ilə başlatdığı Abbasilər qiyamı sonda Hicrətin 139-cu ilində Bəni-Üməyyə hakimiyyətinə son qoyub.
Amma İmam Hüseyn (ə) qiyamının şüarları ilə həyata keçirilən qiyamlar bunlarla bitmir və tarix boyu dəfələrlə təkrarlanıb.
Aşura faciəsi bir daha sübut edir ki, zülm fədakarlığın və mərdliyin qarşısında acizdir, həmişə də aciz qalacaq. Bunu İmam Hüseynin (ə) Kərbəlada göstərdiyi şücaət, və mərdanəlik sübuta yetirib.
Aşuranı yaşadan və xatirələrdən silinməsinə imkan verməyən əsas amil ondan ibarətdir ki, Aşura heç bir qurum tərəfindən təbliğ edilmir və ona sevgi ədalətsevərlərin öz içindən qaynaqlanır.
Dünyanın müxtəlif bölgələrində olduğu kimi Azərbaycan da bu gün əzadarlıq məclislərinin və mərasimlərinin şahididir.