Avq 11, 2022 10:42 Asia/Baku
  • Rəisi İran-Ermənistan sərhədinin toxunulmazlığına təkid edir

Ermənistanın baş naziri İran prezidenti ilə regional hadisələri və təhlükəsizlik məsələlərini müzakirə edib.

SəhərAzəri-nin məlumatına əsasən, Ermənistanın baş naziri Nikol Paşinyan İran İslam Respublikasının prezidenti Seyid İbrahim Rəisi ilə telefon danışığı zamanı Ermənistanla Azərbaycan arasında baş verən son sərhəd insidentləri ilə bağlı təfərrüatları təqdim edib.

Paşinyan regionda sabitliyin və sülhün bərqərar olması kontekstində 10 noyabr 2020-ci il, 11 yanvar və 26 noyabr 2021-ci il tarixli üçtərəfli sazişlərin tam icrasının vacibliyini vurğulayıb.

Son günlər Cənubi Qafqazda baş verən gərgin insidentlərdən danışan İran prezidenti isə İslam İnqilabının Aliməqamlı Rəhbərinin Rusiya və Türkiyə liderləri ilə bu yaxınlarda keçirdiyi görüşdə İranın öz sərhədləri məsələsində həssas olduğu barədə bəyanatına istinad edərək Qafqaz regionunda sərhədləri dəyişdirmək üçün istənilən cəhdə qarşı çıxacağını söyləyib.

İran prezidenti qeyd edib ki, onun ölkəsi Qafqaz regionunda heç bir geosiyasi dəyişikliyi qəbul etməyəcək. Tehran bölgədə sülh və sabitliyin bərqərar olmasına yardım etməyə hazırdır.

Cənab Rəisi 2020-ci ildə Rusiya, Ermənistan və Azərbaycan liderlərinin imzaladığı, İrəvan və Bakı arasında 44 günlük müharibəyə son qoyan üçtərəfli atəşkəs sazişinə istinad edib. 

Onun sözlərinə görə, atəşkəs razılaşmasına əməl etmək, qalan məsələləri dialoq və diplomatik yollarla həll etmək Qafqaz regionunda təhlükəsizliyin və əmin-amanlığın bərpasının ən yaxşı yoludur.

Prezident Raisi sonra Ermənistan və İran arasındakı münasibətləri tarixi və dərin adlandırıb və sabit Ermənistan-İran iqtisadi əməkdaşlığının səviyyəsinin yüksəldilməsinin vacibliyini vurğulayıb.

Teqlər