İran və BƏƏ xarici işlər nazirləri ikitərəfli əlaqələrin inkişafını vurğuladılar
İran və Birləşmiş Ərəb Əmirliklərinin xarici işlər nazirləri telefon danışığında iqtisadi, konsulluq və təhlükəsizlik sahələrində, həmçinin regional əməkdaşlıq sahələrində ikitərəfli münasibətlərin inkişafı üçün dialoqun və fikir mübadiləsinin davam etdirilməsini vurğulayıb.
Birləşmiş Ərəb Əmirliklərinin baş nazirinin müavini və xarici işlər naziri Şeyx Abdullah bin Zayed Ali Nəhyan Seyid Abbas İraqçi ilə telefonla danışıb və onu İranın xarici işlər naziri seçilməsi münasibətilə təbrik edib və ona uğurlar arzulayıb.
BƏƏ xarici işlər naziri ölkəsinin İran İslam Respublikası ilə ikitərəfli münasibətləri inkişaf etdirmək, eləcə də regional əməkdaşlığı davam etdirmək istəyinə işarə edərək, yeni dövrdə Tehran və Əbu-Dabi arasında əməkdaşlığın davamlı olaraq genişləndirilməsini vurğulayıb.
İranın xarici işlər naziri Abbas İraqçi də telefon zənginə görə təşəkkür edib, Şeyx Abdullah bin Zayed Ali Nəhyanı Birləşmiş Ərəb Əmirliklərinin baş nazirinin müavini təyin olunması münasibətilə təbrik edib və ona bu yeni vəzifəsində uğurlar arzulayıb.
Hər iki tərəf bir-birini Tehran və Əbu-Dabiyə səfərə dəvət edib, iqtisadi, konsulluq və təhlükəsizlik sahəsində, eləcə də regional əməkdaşlıq sahələrində ikitərəfli əlaqələrin inkişaf etdirilməsi üçün danışıqların və fikir mübadiləsinin davam etdirilməsini vurğulayıblar.