Fev 07, 2017 16:13 Asia/Baku
  • Myanmada Ruhinqa müsəlmanlarına qarşı təzyiqlər davam edir
    Myanmada Ruhinqa müsəlmanlarına qarşı təzyiqlər davam edir

Dünya ictimaiyyəti xüsusi ilə də İslam ölkələrinin etirazları və tənqidlərinə baxmayaraq, Myanmada Ruhinqa müsəlmanlarının hüquqlarının pozulması davam edir və bu ölkə hökuməti yaşanan ədalətsizliyin durdurulmasında maraqlı görünmür.

 Artıq bir müddətdir ki, Myanmada yaşayan müsəlman azlığı ifratçı buddistlərin amansız hücumlarına məruz qalır. İndiyə kimi baş verən zorakılıqlarda onlarla müsəlman kəndi məhv edilib, minlərlə günhasız insan öldürülüb və on minlərlə insan öz evindən didərgin düşüb. Myanma hökuməti isə bütün baş verənlərə laqeyd münasibət bəsləyir. Bəzən isə ordu və təhlükəsizlik qüvvələri də müsəlmanlara qarşı rəftarda aşkar ayrı-seçkilik nümayiş etdirərək, onlara qarşı zorakılıqlara əl atır və həddən artıq güc tətbiq edir. Bütün bunları nəzərə alaraq, İslam Əməkdaşlıq Təşkilatı bir müddət öncə Kualalampurda fövqəladə iclas təşkil edərək, məsələni araşdırmış və Ruhinqa müsəlmanlarının böhranlı durumuna dərhal düzəlişin edilməsinə çağırış etmişdi.

İslam Əməkdaşlıq Təşkilatına üzv ölkələrin xarici işlər nazirlərinin Myanmadakı Ruhinqa müsəlmanlarının üzləşdiyi böhranlı vəziyyəti araşdırmaq məqsədi ilə Malayziyanın paytaxtı Kualalampurda keçirilən fövqəladə iclası yekun bəyanat, qətnamə və bildiriş formatında olan 3 əsas sənədin qəbul edilməsi ilə öz işini başa vurmuşdu. 

İslam Əməkdaşlıq Təşkilatı cümə axşamı Kualalampurda keçirilən fövqəladə iclasın sonunda qəbul edilən qətnamə və yekun bəyanatda Myanmada Ruhinqa müsəlmanlarının incidilməsi və onlara qarşı zorakılıqların və hücumların davam etməsindən nigaranlıq edərək, bu ölkə hökumətindən beynəlxalq qanunlara və insan haqları konvensiyalarına sədaqət nümayiş etdirməsini, böhrandan əziyyət çəkən məntəqələrdə sabitlik və təhlükəsizliyin ən qısa zamanda təmin edilməsini istəmişdi. 

İslam Əməkdaşlıq Təşkilatının Kualalampur iclasında qəbul edilmiş sənədlərdə həmçinin deyilir: Myanma dövləti təhlükəsizlik qüvvələrinin istənilən növ ayrı-seçkiliyə yol vermədən, qanun çərçivəsində rəftar edəcəkləri barədə üzərinə öhdəlik götürməli və cinayətə yol vermiş şəxslərin cəzasız qalmayacaqlarına söz verməlidir. 

Kualalampur iclasında iştirak edənlər həmçinin, Myanma dövlətindən istəyiblər ki, Ruhinqa müsəlmanlarının vətəndaşlıq hüquqlarının davamlı şəkildə inkar edilməsinə son verərək, ölkə daxilində və ya ölkədən kənarda müvəqqəti qaçqın düşərgələrində yaşayan Ruhinqa müsəlmanlarının öz evlərinə qayıtmalarına şərait yaradılsın. 

İslam Əməkdaşlıq Təşkilatına üzv ölkələrini xarici işlər nazirləri Kualalampur iclasının sonunda qəbul edilmiş yekun bəyanatda həmçinin, Fələstin xalqının və Qüdsün himayəsi məsələsinə də təkid edərək, İsrail rejimi tərəfindən Fələstini ərazilərində qanunsuz şəkildə yaşayış massivlərinin salınması siyasətini tənqid edib və bunu, Fələstini ərazilərinin işğalı istiqamətində atılmış addım kimi dəyərləndiriblər. 

Kualalampur iclasının sonunda qəbul edilmiş yekun bəyanatda BMT Təhlükəsizlik Şurasının 2334 saylı qətnaməsinin icrasına və İsrail rejiminə qanunsuz yaşayış massivlərinin salınması siyasətini durdurması üçün təzyiqlərin edilməsinə təkid olunub. 

Bu bəyanatda həmçinin, dünya ictimaiyyətindən istənilib ki, Fələstin xalqının inkaredilməz hüquqlarının tanınması üzrə ciddi addımlar atılsın. 

Teqlər