Ağdamda tutulan erməni kəşfiyyatçının apellyasiya şikayəti üzrə məhkəmə başlayıb
İyun 08, 2015 13:22 Asia/Baku
Bu gün Gəncə Apellyasiya Məhkəməsində ötən il dekabrın 26-da cəbhənin Ağdam rayonu istiqamətində qoşunların təmas xəttini keçən erməni kəşfiyyatçı Arsen Baqdasaryanın cinayət işi üzrə Gəncə Ağır Cinayətlər Məhkəməsinin çıxardığı hökmdən verilən apellyasiya şikayəti üzrə ilkin baxış iclası keçirilib.
APA-nın qərb bürosunun məlumatına görə, hakim Teyyub Muxtarovun sədrliyi ilə keçirilən prosesdə məhkəmənin baxış iclası iyulun 15-nə təyin olunub.Qeyd edək ki, Arsen Baqdasaryan Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 15 il müddətinə azadlıqdan məhrum edilib.
Cəzanın onun saxlanıldığı gündən, ötən il dekabrın 26-dan hesablanacağı bildirilib.
Məhkəmənin hökmü ilə Arsen Baqdasaryan məhkəmə xərclərini (665 manat 45 qəpik) ödəməkdən azad olunub.
Xatırladaq ki, Respublika Hərbi Prokurorluğunun yaydığı məlumata görə, ötən il dekabrın 26-da cəbhənin Ağdam rayonu istiqamətində qoşunların təmas xəttini keçən ermənilərin kəşfiyyat-təxribat qrupunun üzvü olan peşəkar hərbi qulluqçu Arsen Baqdasaryan Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularının sayıqlığı nəticəsində yaxalanıb və hüquq-mühafizə orqanlarına təhvil verilib.