İyul 10, 2015 16:56 Asia/Baku
  • QAT Qüds Günü ilə bağlı bəyanat yaydı
    QAT Qüds Günü ilə bağlı bəyanat yaydı

Azərbaycan Respublikasında Qarabağ Azadlıq Təşkilatı Ümumdünya Qüds Günü ilə bağlı bəyanat yayıb.

İslamazeri.az-a QAT-ın mətbuat xidmətindən verilən məlumata görə, bəyanatda deyilir: Qarabağ Azadlıq Təşkilatı Beynəlxalq Qüds Gününü işğala, haqsızlığa, zülmə qarşı çağırış, dünyanın ən tərəqqipərvər təşəbbüslərindən biri kimi dəyərləndirir. Bu gün İslam dünyası əzilən, haqqı pozulan, zülmə məruz qalan tərəf qismindədir. Hər yerdə müsəlman ölkələrinə qarşı haqsız hücumlar olur, münaqişələr törədilir, minlərlə dinc əhali məhv edilir. Fələstin, Qarabağ işğal altında, əhaliləri didərgin vəziyyətində, Suriyada, Misirdə, Yəməndə günahsız qanlar axıdılır. Digər yerlərdə də müsəlmanlar üçün çoxlu sayda problemlər yaradılır, insanları qorxu, dəhşət, əsarət altında saxlamağa çalışırlar. Dünya isə bütün bu haqsızlıqlara susur, haqqın-ədalətin bərpa olunması üçün heç nə etmir. İsrail rejiminin işğalçı hərəkətlərinə, törətdiyi cinayətlərə, Fələstin xalqının başına gətirdiyi müsibətlərə, Ermənistanın Azərbaycan torpaqlarını qəsb etməsinə, Qarabağı işğal altında saxlamasına, 1milyondan artıq azərbaycanlını yurdundan didərgin salmasına heç bir reaksiya vermir, əksinə, işğalçının, cinəyatkarın müdafiəsinə qalxır, onları müdafiə edirlər. Belə bir şəraitdə islam dünyası, əzilən, zülmə məruz qalan ölkələr öz haqlarını özləri müdafiə etməli, birlikdə mübarizə aparmalıdırlar. Qüds Günü, Qüds çağırışı məhz bu ədalətli mübarizənin təşkilinə yönəlibdir. Qüds çağırışına qoşulmaq islam dünyasının daxilində bütün sağlam qüvvələrin birliyinə nail olmaq deməkdir. İslam dünyasının daxilində birliyə nail olunarsa, bütün vacib problemlərin, o cümlədən, Qüds, Fələstin, Qarabağ məsələlərinin həllində heç bir çətinlik qalmayacaqdır. İslam dünyası öz problemlərini həll etməyə qadir olduğunu bütün dünyaya nümayiş etdirməlidir. Biz Beynəlxalq Qüds Günü münasibəti ilə bütün İslam dünyasını, bütün mütərəqqi qüvvələri birliyə, birgə mübarizə əzminə, işğala, haqsızlığa, zülmə son qoymaq üçün birlikdə fəaliyyət göstərməyə çağırırıq. Gücümüz birliyimizdə, imanımızda, etiqadımızdadır. İşğal, haqsızlıq, zülmə qarşı mübarizədə qələbə hökmən bizim olacaqdır.
Haqq yolunda çalışanlara Allah kömək olsun!

Teqlər