MTRŞ qanun pozuntularına yol verən verilişləri dayandıra bilər
Avq 06, 2015 19:59 Asia/Baku
Azərbaycan Milli Televiziya və Radio Şurası özəl telekanallarda qanun pozuntularına yol verən verilişlərlə bağlı dosyelərin hazırlanmasına başlayıb.
APA-nın verdiyi məlumata görə, Azərbaycan Milli Televiziya və Radio Şurasının (MTRŞ) Ekspertiza, Proqramlaşdırma və Analitik şöbəsinin müdiri Təvəkkül Dadaşov deyib: ““Televiziya və radio yayımı haqqında” Qanunda edilmiş son dəyişiklikdən sonra Milli Televiziya və Radio Şurasına qanun pozuntularına yol verən verilişləri dayandırmaq səlahiyyəti verilib. Özəl televiziya kanallarında yayımlanan şou xarakterli verilişlər haqqında dosyelərin hazırlanması da məhz bundan irəli gəlir. Tutaq ki, sabah hansısa verilişi dayandırmaq məsələsi ortaya çıxanda həmin dosye əlimizin altında olacaq”.O bildirib ki, dosyedə verilişlərin ümumi məzmunu və məqsədi geniş şəkildə əksini tapacaq: “Ümumiyyətlə, verilişdə hansı məsələlər müzakirə olunur, veriliş tok-şoudur, ya əyləncəlidir, yaxud maarifləndiricidir, yəni bu kimi məsələlər dosyedə göstəriləcək. Bir də verilişdə əvvəl və indi yol verilən qanun pozuntuları da dosyedə əks olunacaq ki, verilişlə bağlı ümumi mənzərə yaransın.”.
Şöbə müdirinin sözlərinə görə, dosyeləri hazırlanacaq verilişlərin siyahısı konkretləşməyib: “Bütün verilişlər haqda hazırlanacaq dosyelərə eyni yanaşma tətbiq olunacaq. Başqa cür anlaşılmasın, bu, bizim işimizin mahiyyətidir. Biz bütün verilişlərlə bağlı məlumatlı olmalıyıq. Monitorinq şöbəsində hər bir monitorinqçinin cavabdeh olduğu kanal var. Dosyelərin əsasında rəhbərliyə arayış təqdim edəcəyik ki, məsələn, filan verilişdə müsbət məqamlar, filan verilişdə isə mənfi məqamlar üstünlük təşkil edir. ”.
T. Dadaşov indidən dosyeləri hazırlanacaq verilişlərin adlarını açıqlamağın tez olduğunu da deyib: “Lakin ictimaiyyət mütəmadi qanun pozuntularının baş verdiyi verilişlərin adını yaxşı bilir. Bəlkə də haqqında dosye hazırlanacaq verilişlərin bir neçəsi proqramdan çıxarılacaq. Yeni verilişlər də yayımlana bilər ki, onlar haqda da dosye hazırlansın. ”.