Avq 10, 2015 10:38 Asia/Baku
  • Ötən gün döyüldüyü üçün xəstəxanaya yerləşdirilən jurnalist dünyasını dəyişib
    Ötən gün döyüldüyü üçün xəstəxanaya yerləşdirilən jurnalist dünyasını dəyişib

Həkimlər xəstənin daxili qanaxma nəticəsində dünyasını dəyişdiyini bildiriblər

APA-nın Klinik Tibbi Mərkəzə istinadən verdiyi məlumata görə, ötən gün döyüldüyü üçün xəstəxanaya yerləşdirilən jurnalist Rasim Əliyev orda dünyasını dəyişib. Məlumatda bildirilib ki, xəstə daxili qanaxma nəticəsində dünyasını dəyişib.

Qeyd edək ki, R. Əliyev ötən gün bir qrup şəxs tərəfindən döyülüb. O, onu döyənlərin futbolçu Cavid Hüseynovun qohumları olduğunu iddia edib. Buna səbəb kimi “facebook” sosial şəbəkəsində C. Hüseynovla bağlı yazdıqlarını göstərib.

Bu arada, Azərbaycan prezidentinin köməkçisi Rasim Əliyevin vəfatı ilə bağlı məsələlərin xüsusi nəzarətə götürüldüyünü və ciddi araşdırıldığını bildirib.

Azərbaycanın Prezidentinin köməkçisi, Prezident Administrasiyası ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov bildirib ki, jurnalist Rasim Əliyevin vəfatə ilə bağlı məsələlər Respublika Baş Prokurorluğu və Daxili İşlər Nazirliyinin rəhbərliyi tərəfindən xüsusi nəzarətə götürülüb və ciddi araşdırılır.

Ə. Həsnov qeyd edib ki, hadisənin baş vermə səbəbləri, iştirakçıların tam dairəsinin müəyyənləşdirilməsi və digər məslələr barədə ictimaiyyətə əlavə məlumat veriləcək.

Prezidentin köməkçisi daha sonra ayrı-ayrı informasiya qaynaqlarının, aidiyyəti dövlət orqanlarının məlumatını gözləmədən məsələni müxtəlif istiqamətlərə yozmaq cəhdlərini yolverilməz adlandırıb və obyektiv araşdırmanın nəticələrini gözləməyi tövsiyə edib.

R. Əliyev Reportyorların Azadlığı və Təhlükəsizliyi İnstitutunun (RATİ) keçmiş əməkdaşı olub.

Teqlər