Leyla Yunusu kamerasına qaytardılar
Avq 21, 2015 09:08 Asia/Baku
Hüquq müdafiəçisi Leyla Yunus 6 gün Bakı İstintaq Təcridxanasının sanitariya hissəsində qaldıqdan sonra dünən yenidən adi kameraya köçürülüb.
Bu barədə "Turan"a vəkil Elçin Qəmbərov bildirib. Onun sözlərinə görə, L.Yunusa bildiriblər ki, o, artıq sağlamdır. Amma Leyla Yunus sanitariya hissəsində olduğu müddət ərzində səhhətində heç bir irəliləyiş olmayıb.“Onun səmərəli və uzunmüddətli müalicəyə ehtiyacı var” - deyə vəkil bildirib.
Xatırladaq ki, Leyla Yunus alman həkim, professor Kristian Vittin müayinəsindən sonra sanitar hissəyə keçirilmişdi.
Leyla Yunus 8,5 il, onun əri Arif Yunus isə 7 il müddətinə azadlıqdan məhrum ediliblər.
Leyla Yunus Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət), 178.3.2-ci (dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə), 192.2.2-ci (qanunsuz sahibkarlıq (külli miqdarda gəlir əldə etməklə törədildikdə)), 213.2.2-ci ((vergi ödəməkdən yayınma) külli miqdarda törədildikdə), 320.1-ci (hüquq verən və ya vəzifədən azad edən vəsiqəni və ya digər rəsmi sənədi istifadə etmək məqsədi ilə saxtalaşdırma və ya qanunsuz hazırlama, yaxud bu cür sənədi satma, habelə eyni məqsədlə Azərbaycan Respublikasının saxta dövlət təltifini, ştampı, möhürü, blankı hazırlama və ya satma) və 320.2-ci (bu məcəllənin 320.1-ci maddəsində göstərilmiş bilə-bilə saxta sənədlərdən istifadə etmə) maddələri ilə ittiham olunub.
Arif Yunusa isə Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq) və 274-cü (dövlətə xəyanət) maddəsi ilə ittiham elan edilib.
Qeyd edək ki, son vaxtlar Azərbaycan Respublikasında siyasi məhbuslarla bağlı problemlər, eləcə də Leyla və Arif Yunusun həbs olunmaları və onların barələrində hökmün çıxarılması bu respublikanın daxili və xaricində geniş reaksiyalara səbəb olub.
Bu qəbil reaksiyalardan İnsan Haqları üzrə Birgə İşçi Qrupunun üzvü Mirvari Qəhrəmanlının reaksiyasına işarə etmək olar. O, öz fikirlərini belə ifadə edib: Son aylarda Azərbaycanda siyasi fəalların məhkəmələri çox sürətlə aparıldı. Leyla və Arif Yunusların məhkəməsi cəmi bir ay çəkdi. Hakimlər tələm-tələsik hökm oxumağa çalışdılar.
Digər tərəfdən, Avropa Birliyi məşhur azərbaycanlı hüquq müdafiəçisi doktor Leyla Yunus və onun həyat yoldaşı Arif Yunus barəsindəki hökmlə bağlı dərin narahatlığını dəfələrlə vurğulayıb.
Avropa Birliyinin xarici siyasət və təhlükəsizlik üzrə ali komissarı, Avropa Komissiyasının vitse-prezidenti Federika Mogerini Azərbaycanda hüquq müdafiəçisi Leyla Yunus və onun həyat yoldaşı Arif Yunus barəsində çıxarılan məhkəmə hökmü ilə bağlı bəyanat verib.
Bəyanatda deyilir:
“Avqustun 13-də Azərbaycanın iki görkəmli hüquq müdafiəçisi Leyla və Arif Yunus haqqında Bakı Ağır Cinayətlər Məhəkəməsi uzunmüddətli azadlıqdan məhrumetmə hökmü çıxarıb. Prosesi izləyən beynəlxalq müşahidəçilərin verdikləri məlumatlar məhkəmənin ciddi qanun pozuntuları ilə keçdiyini göstərir. Görünür ki, ittihamlar əslində onların hüquq müdafiə fəaliyyəti ilə bağlıdır. Yunuslar haqqında çıxarılmış bu hökmlər bir daha sübut edir ki, Azərbaycan Respublikası hakimiyyəti insan hüquq və azadlıqları sahəsində üzərinə götürdüyü beynəlxalq öhdəliklərə əməl etmir. Biz Azərbaycan hakimiyyətini Leyla və Arif Yunusu azad etməyə, onların işini şəffaf və ədalətli şəkildə araşdırmağa çağırırıq”.