Müsavat Partiyası, "REAL" və "NİDA" birgə seçki bəyanatı yaydı
Sen 05, 2015 10:13 Asia/Baku
01 noyabr 2015-ci il tarixində keçiriləcək Parlament seçkilərində iştirak etmək barədə qərar qəbul edən Müsavat Partiyası, “REAL” Vətəndaş Hərəkatı və “NİDA” Vətəndaş Hərəkatı seçkilər dövründə fəaliyyətlərinin uzlaşdırılması barədə razılığa gəlib.
Həmin təşkilatlar bu barədə birgə bəyanat qəbul ediblər. Musavat.com-un məlumatına görə, bəyanatda deyilir ki, sənədi imzalayan qurumlar ölkədə azad seçki keçirilməsi üçün şərtlərin minimum olduğu şəraitə rəğmən, mübarizənin fasiləsizliyi və ardıcıllığı baxımından 2015-ci il Parlament seçkilərində iştirakı məqsədəuyğun hesab edirlər.Bəyanatda bildirilir ki, tərəflər seçki kampaniyası dövründə yol verilən qanun pozuntularının birgə monitorinqinin aparılması; seçki günü birgə müşahidənin təşkili; qanun pozuntuları və saxtakarlıqlara münasibətdə ümumi mövqenin müəyyənləşdirilməsi; seçkilərin nəticəsi haqqında birgə yekun rəyin hazırlanması barədə razılığa gəliblər.
Azərbaycanda keçiriləcək parlament seçkilərində namizədliyinin qeydə alınması üçün 81 nəfər Mərkəzi Seçki Komissiyasına (MSK) müraciət edib. Bunu Komissiyanın MSK sədri Məzahir Pənahov deyib.