Gəncədə məscidləri bağladılar
Okt 23, 2015 21:01 Asia/Baku
Bu gün səhər saatlarında Şah Abbas məscidindən İmamzadə İbrahimə qədər əzadarlıq yürüşü keçirmək istəyən Gəncə sakinlərinə polis zorakılıq tətbiq edib.
Daxil olan məlumata görə, məscid polis və daxili qoşunlar tərəfindən mühasirəyə alınıb, məscidin yanına su şırnağı vuran maşınlar gətirilib. Camaat məscidə yaxın buraxılmayıb. Gəncədən "İslamazeri"yə bildirilib ki, hazırda məscidlər bağlıdır və Gəncə inanclılarına 2 gün ardıcıl (bu gün və sabah) məscidlərin qapılarının bağlı olacağı bildirilib.Yürüşün qarşısı alınarkən Gəncə sakinlərinə güc tətbiq edilib, məscidin yanı və ətraf küçələrdə qan izləri hələ də qalmaqdadır. Yürüşün qarşısı alınan zaman 50-yə yaxın inanclı həbs olunsa da son məlumatlara görə bəziləri buraxılıb və hazırda 4 nəfər inanclı nəzarət altında saxlanılır.
"İslaminsesi" saytı Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevin məktəb direktorlarını çağıraraq şənbə günü bütün məktəblərə dərs günü salmasını və şagirdlərin hamısını dərsə çağırılması barədə göstəriş verdiyini qeyd edib. Həmçinin Gəncə şəhərinin yerli komandası olan "Kəpəz"in "Xəzər Lənkəran"la oyunu da məhz Aşura gününə salınıb.
"İslamazeri"yə daxil olan məlumta görə, Şah Abbas məscidində zöhr azanı da qadağan edilib. Günorta saatlarında məscidə getmək istəyən xanımlara polis mane olaraq, onları geri göndərib.