Müsavat seçkilərin nəticələrinin ləğvini tələb edir
Noy 02, 2015 16:39 Asia/Baku
Azərbaycanda müxalif Müsavat Partiyası parlament seçkilərini nəticələrinin ləğvini tələb edir. Müsavat Partiyasının başqanı Arif Hacılı noyabrın 2-də keçirdiyi mətbuat konfransında budəfəki parlament seçkilərini son 15 ildə ən uğursuz seçki adlandırıb, seçici fəallığının reallıqda 10 faiz təşkil etdiyini deyib.
Müsavat Partiyasının başqanı qeyd edib: "Təbliğat-təşviqat proqramları zamanı da xeyli sayda qanun pozuntusu halı yaşanıb. Pulsuz efir vaxtı əvvəlki illərdən fərqli olaraq, ümumiyyətlə, verilmədi. Bundan başqa, Müsavat Partiyasının nümayəndələri 100-dən çox seçki məntəqəsində olub və müşahidəçilərimiz seçkilərdə aktivliyin çox aşağı olduğunu bildirib. Topa bülletenlərin atıldığına dair videofaktlar da mətbuatda işıqlanıb. Bütün bu səbəblər nəzərə alınaraq Müsavat Partiyası seçkinin nəticələrini tanımır və hökumətdən dərhal nəticələrinin ləğv olunmasını tələb edir".