Azərbaycanda parlament seçkilərinin təkrar keçirilməsi tələb edilir
Noy 02, 2015 18:51 Asia/Baku
Dünən keçirilən parlament seçkiləri ilə əlaqədar Müsavat Partiyası, “REAL” Vətəndaş Hərəkatı, “NİDA” Vətəndaş Hərəkatı və Klassik Xalq Cəbhəsi Partiyası- KXCP bəyanat yayıb, Azərbaycanda parlament seçkilərinin təkrar keçirilməsini tələb edirlər.
FaktXəbər-in məlumatına görə, "Müsavat Partiyası, “REAL” Vətəndaş Hərəkatı, “NİDA” Vətəndaş Hərəkatının bəyanatında deyilir:- Siyasi məhbusların azad edilmədiyi;
- Azad və ədalətli seçkilərin keçirilməsi üçün normal mühitin yaradılmadığı;
- Seçki komissiyalarının hakimiyyətin tam nəzarəti altında qaldığı;
- Bərabərhüquqlu təbliğat imkanlarının təmin edilmədiyi;
- İctimai diskussiyaların təşkil edilməsi məqsədi ilə namizədlərə pulsuz efir vaxtının ayrılmadığı;
- Nəticə etibarilə faktiki alternativsizlik şəraitində və repressiya dalğası altında keçirilən seçkilərin nəticələrini tanımadığını bəyan edərək;
Azərbaycan hakimiyyətindən 1 noyabr 2015-ci ildə Azərbaycan Respublikası Milli Məclisinə keçirilmiş seçkilərin nəticələrinin ləgv edilməsini, siyasi məhbusların dərhal azadlığa buraxılmasını, seçki qanunvericiliyində zəruri islahatların aparılmasını və 2016-cı ildə təkrar seçkilərin keçirilməsini tələb edirik".
Klassik Xalq Cəbhəsi Partiyası- KXCP-nin İdarə Heyətinin bəyanatında isə deyilir:
- KXCP - 1 noyabr 2015-ci il seçkilərinin imza toplama, təbliğat – təşviqat mərhələsində və seçki günü həyata keçirilən kütləvi qanun pozuntuları ilə, hakimiyyətin təyin etdiyi parlamenti qeyri - legitim hesab edir.
- KXCP 1 noyabrda keçirilmiş “seçkilər”in nəticələrini tanımaqdan imtina edir.
- KXCP 1 noyabr “seçkiləri”nin nəticələrinin ləğv edilməsini və Milli Məclisə yeni seçkilərin keçirilməsini tələb edir.
Parlament seçkilərində namizəd olmuş Qarabağ Azadlıq Təşkilatının sədri Akif Nağı da namizəd olduğu 9 saylı Binəqədi seçki dairəsindəki “dəhşətli saxtakarlıq faktları” ilə bağlı, “seçkilərin nəticələrinin ləğv olunması, həmçinin saxtakarlara qarşı cinayət işinin açılması” xahişi ilə prezidentə, Mərkəzi Seçki Komissiyasına, Ali Məhkəməyə, Baş prokurora müraciət edib.