Jurnalist qatili MTN generalı həbs edildi
Noy 15, 2015 19:28 Asia/Baku
Azərbaycan Respublikasının Təhlükəsizlik Nazirliyi MTN- də generalların həbsi davamında, MTN-in Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq rəisi, general-mayor Akif Çovdarov həbs edilib. O jurnalist qatili kimi də tanınırmış.
Azərbaycan mətbuatının verdiyi məlumata görə, bir müddət öncə vəzifədən azad edilən və bu günə qədər ev dustağı olan MTN general-mayoru Akif Çovdarov saxlanılıb. Onun barəsində həbs-qətimkan tədbiri seçilib.Məlumata görə, generalın həbsi onlarla MTN zabitinin istintaqa ifadələri əsasında həyata keçirilib.
Hüquq-mühafizə orqanlarındakı məlumatlı mənbələrdən verilən məlumata görə isə Akif Çovdarov bu gün Baş Prokurorluq əməkdaşları tərəfindən saxlanılaraq Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinə aparılıb. A.Çovdarov müstəntiqlər tərəfindən dindirilir.
A.Çovdarov oktyabrın 17-də prezident sərəncamı ilə işdən çıxarılan sabiq MTN rəhbəri Eldar Mahmudovun “sağ əli və kassiri” sayılırdı. Məlumatlara görə, onun MTN-də əsas vəzifəsi iş adamlarını soymaq olub. Rüşvət tələb edilərək təhdid edilən həmin iş adamları da Baş Prokurorluğa və Prezident Administrasiyasına şikayətlərində əsas fiqur kimi məhz Akif Çovdarovun adını çəkib.
A.Çovdarov Azərbaycanda bir çox jurnalistlərə qarşı cinayətlərdə də ittiham olunur.
Haqqın.az saytının baş redaktoru Eynulla Fətullayev facebook statusunda maraqlı açıqlama ilə çıxış edib: “Jurnalist Elmar Hüseynovun qatili qandallandı. Allaha inanmayan varmı?”.
Nəzərə çatdıraq ki, E.Fətullayev Elmar Hüseynovun müavini və yaxın dostu olub. Eyni zamanda onun qətli ilə bağlı bilgili şəxsdir. Bundan əvvəl jurnalist Elmar Vəliyevin qatilinin kim olduğunu açıqlaymaya kimsə cürət etməzdi. Bu ilk dəfədir ki, Elmar Hüseynovun qatilinin MTN olduğu fakta rast gəlinir.
Azərbaycanın xəfiyyə orqanı olan MTN- də təmizləmə işlərinə bir korrupsiya ittihamından çox siyasi faktorları önə çəkən var.
Sabiq MTN zabiti, politoloq Əərstun Oruclu sensasiyalı bir açıqlama ilə facebook statusunda yazıb:
Hər kəs də olmasa, Eldar Mahmudovun məlum dəstəsi addım-addım hakimiyyəti ələ keçirməyə doğru irəliləyirdi; “Elə deyilsə, o zaman media məkanına bu qədər dərindən nüfuz edərək onlarla saytlar açmaq, loyal olmayan ictimai-siyasi kəsimi sıradan çıxarıb yerini öz agentura şəbəkəsi ilə doldurmaq, dövlətin ən yüksək pillələrində duran şəxslərə və onların ailə üzvlərinə dosyelər açmaq, bir sıra xarici dövlətlərin müxtəlif qurumları ilə sıx əlaqələr qurmaq, mətbuatda MTN rəhbərliyinin "uğurlu əməliyyatları" barədə müntəzəm piar-kampaniyalar aparmaq, xeyli nazir və rəsmiləri özləri, ailə üzvləri haqqında topladıqları ifşaedici məlumatlarla şantaj edərək öz iradələrinə tabe etmək, bir sıra dövlətlərin başında duran şəxslərin yaxın ailə üzvləri ilə biznes əlaqələri qurmaqla onlara külli miqdarda rüşvət vermək, Azərbaycanın əksər ölkələrdə fəaliyyət göstərən səfirlik və nümayəndəliklərinə özünün çoxlu sayda adamlarını yerləşdirmək, Avropanın müxtəlif dövlətlərində siyasi sığınacaq almaq yolu ilə öz geniş şəbəkəsini qurmaq və nəhayət, parlament seçkilərində iştirak üçün böyük bir qrupu hazırlayıb siyasi arenaya çıxarmaq bunların nəyinə lazım idi?
Sözsüz ki, biz hələ bu cinayətin ifşasının başlanğıc mərhələsindəyik və əminəm ki, burda sadalanan bəndlərdən daha ciddiləri var və onların da açılacağına şübhəm yoxdur.” - Sabiq MTN zabiti, politoloq Əərstun Oruclu