Noy 26, 2015 21:05 Asia/Baku
  • Nardaranda qanlı polis əməliyyatı: 6 nəfər öldü
    Nardaranda qanlı polis əməliyyatı: 6 nəfər öldü

Nardarandan daxil olan məlumata görə, bu gün Nardaranda Rəhimə xanım ziyarətgahının yanında yerləşən Hüseyniyədə namaz vaxtı polis əməkdaşları tərəfindən əməliyyat keçirilib. Əməliyyat zamanı atışma baş verib. İlahiyyatçı Tale Bağırov və bir neçə dindar saxlanılaraq naməlum istiqamətə aparılıb. Hadisənin təxribat olduğu güman edilir.

Hadisənin şahidi olan Nardaran sakinlərindən biri Azadlıq qəzetinə telefonla bildirib ki, əməliyyata gələnlər 5 yaşlı uşağın üzərinə silah çəkib Tale Bağırzadənin yerini soruşublar. Qorxudan uşağın dili tutulub. Onlar həmçinin, yaşlı bir qadının da üzərinə silah çəkiblər.
Mənbənin sözlərinə görə, polislər bir neçə evi atəşə tutublar. 4 nəfər yerli sakin həlak olub. Onlardan ikisinin adı bəlli olub – Fərayim Zeynalabdin oğlu və Abbas Hüseyn. Qarşıdurmada 2 polis əməkdaşı da öldürülüb.
Hadisədən sonra Nardaranın mərkəzi meydanında etiraz aksiyası başlayıb.
Atışma şahidi deyib ki, “Onlar zibil maşınlarında gəldilər. Həyətə girib atmağa başladılar”. Onun özü kənddəki dindarlardan birinin evində namaz qılırmış. Bu zaman bayırdan atışma səsələri gəlib:
“Xidməti maşında olsaydılar, kənd camaatı heç girməyə qoymazdı. Zibil, mebel maşınında gəliblər. Biz içəridə namaz qılırdıq. Bayırdan gələn güllə səslərinə çıxdıq. Onlar sağa-sola avtomatdan atəş açmağa başladılar. Biz içəriyə girdik. Onlar da ata-ata içəri girdilər. Nalayiq ifadələr işlədərək bizi “dubinka” ilə vurmağa başladılar. Hacı Talehi qoruyurduq ki, ona toxunmasınlar. Kənd camaatı toplaşmağa başlamışdı. Bundan qorxuya düşdülər. Zor tətbiq edərək Hacı Talehi aldılar və arxaya atəş ata-ata gəldikləri maşınlara doluşub getdilər. 3 nəfər öldü, 15 yaralı oldu. 20-yə yaxın adamı da apardılar özləri ilə”.
İslamazeri.az-a məlumat daxil olub ki, hadisə zamanı naməlum şəxs (Nardaran qəsəbə sakini olmayan) avtomatdan hara gəldi atəş açıb. Həmçinin meyidlərdən birinin Nardaran sakini olmadığı da məlumatda qeyd olunur. Bundan sonra olay qızışıb və atışma başlayıb.
Buna oxşar məlumatı BizimYol portalı da yayıb. Məlumatda deyilir: ” Hadisə nəticəsində xeyli sayda yaralı Sabunçu Rayon Mərkəzi Xəstəxanasına gətirilib. Yaralılardan birinin Bizimyol.info-ya verdiyi məlumata görə, avtomatla silahlanmış naməlum şəxs qarşısına çıxan insanlara atəş açmağa başlayıb”.


Teqlər