Dek 03, 2015 13:20 Asia/Baku
  • Nardaranda yoxlamalar, ölkə boyu həbslər
    Nardaranda yoxlamalar, ölkə boyu həbslər

Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin və Daxili Qoşunların qüvvələri Nardaran kəndinə nəzarət edirlər. Nardaranı Çevik Polis Alayı və xüsusi təyinatlılar demək olar ki, mühasirəyə alıblar. Kəndin bütün giriş və çıxışları ciddi şəkildə yoxlanılır.

Musavat.com Nardarandan xəbər verir ki, kəndə kənar şəxslərin girişi qadağandır. Kənd sakinləri şəxsiyyət vəsiqələrini təqdim edərək, postlardan keçirlər. Hələ də kənddə qeyri-rəsmi fövqəladə hal qalmaqdadır.
Kənddə divarlarda yazılan dini şüarlar boyalarla silinir. Küçələrdə olan plakatlar sökülür. Dini bayraqlar isə tamamilə yığışdırılıb.
Nardaranın İmam Hüseyn meydanında da bütün şüarlar yığışdırılıb. Daxili Qoşunların qərargahı da bu meydandadır.
Nardaran və ətraf ərazilər hazırda Çevik Polis Alayının nəzarətindədir...
Nardaranda dekabrın 1-də keçirilən əməliyyat zamanı 22 nəfərin saxlanıldığı deyilir. Musavat.com-un Nardaranda olan reportyoru xəbər verir ki, kənd sakinləri hələ ki, saxlanılanların 22 nəfər olduğunu bilir, lakin bəzi sakinlərdən ümumiyyətlə xəbər yoxdur. Onların saxlanılmaları və ya harada olmaları məlum deyil.
Noyabrın 26-da polisin silahlı basqını nəticəsində 14 nəfər həbs olunmuşdu. Taleh Bağırov, Elman Ağayev, Zülfüqar Mikayılzadə və Əbülfəz Bünyatov həbs olunanlar arasındadırlar. Polisin basqını şübhəli surətdə və ərbəin mərasiminə hazırlıq zamanı qəflətən baş verib.
Hadisədən sonra Nardaranın mərkəzi meydanında etiraz aksiyası keçirilib. Etirazlar səngisə də, qəsəbənin bütün enerjisi kəsilib. Nardaran susuz, telefonsuz, benzinsiz qalıb. İnformasiyaların çatdırılması mümkünsüz olub.
Nardarandan sonra ölkənin digər rayonlarında da həbslər davam edib. Gəncə şəhər sakinləri Sabir Əliyev, Ruzi İsmayılov, Elnur Cabbarov və Elnur Mehdiyev, Binəqədi Rayonunda Elgün Axundov, Sumqayıt şəhər sakini olan dindar şofer Telman Abdullayev, Neftçala rayonunda Nazim Mirzəyev və Mehdi Nağıyev, Lənkəranda tanınmış ruhani Seyid Elman Ağazadə, Seyid Elman Ağazadənin qardaşı Nazim Ağazadə, Azadxeber satyının jurnalisti İlkin Məmmədli həbs olunublar.
Azərbaycan İslam Partiyası başda olmaqla bir çox təşkilatlar yeni həbs dalğalarının başlanmasını pisləyiblər.
AİP bildirib ki, “İslam dininin beynəlxalq aləmdəki düşmənləri isə, məxsus olduqları cəmiyyətlərə islamı, terror dini kimi təqdim etməyə, insanları dinimizin cazibəsindən, sülh və tərəqqi, humanizm dini kimi gözəl dəyərlərindən uzaqlaşdırmağa çalışırlar. İnanırıq ki, baş verən faciədə təxribatçılıq başlıca səbəblərdəndir.”

Teqlər