AXCP sədrinin müavini Fuad Qəhrəmanlı həbs olundu
AXCP sədrinin müavini Fuad Qəhrəmanlı həbs olundu. Onun evində axtarış aparıldı. Axtarış nəticəsində sədr müavininə məxsus kompüter götürülüb.
Azərbaycan Respublikası Baş Prokurorluğu Fuad Qəhrəmanlının həbsinin səbəblərini belə izah edib: "Facebook-dakı çağırışları ilə sədr müavininin insanları Nardaran qəsəbəsində dini ekstremist fəaliyyətin həyata keçirilməsinə sövq etdiyinə, dini ayrı-seçkiliyin salınmasına cəhd etdiyinə dair əsaslı şübhələr mövcuddur"
Baş Prokurorluğun mətbuat xidmətindən verilən məlumatda qeyd olunur ki, aparılmış istintaqla F.Qəhrəmanlının “facebook” sosial şəbəkəsinin özünə məxsus səhifəsində 2015-ci ilin sentyabr ayından başlayaraq yaydığı çoxsaylı informasiyalarda vətəndaşları hakimiyyət nümayəndələrinə qarşı itaətsizliyə çağırışlar etməsi, İslam dininin müxtəlif təriqətləri arasında dini nifrət və düşmənçiliyin salınmasına yönələn hərəkətlər etməsinə dair kifayət qədər sübutlar toplanmışdır..
F.Qəhrəmanlı Cinayət Məcəlləsinin 281.1 (dövlət əleyhinə yönələn açıq çağırışlar) və 283.2.1-ci (milli, irqi, sosial və ya dini nifrət və düşmənçiliyin salınması zor tətbiq etmə hədəsi ilə törədildikdə) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək, ona həmin maddələrdə nəzərdə tutulan ittiham elan edilməklə məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib.