Azərbaycan XİN-i xarici ölkə vətəndaşlarının Qarabağa səfər etmələri barədə xəbərdarlıq etdi
Hikmət Hacıyev: "Beynəlxalq hüquqa görə işğal olunmuş ərazilərdə qanunsuz fəaliyyətin həyata keçirilməsi cinayət məsuliyyətini ehtiva edən hərbi cinayət kimi tövsiv oluna bilər".
Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin mətbuat katibi Hikmət Hacıyev Azərbaycanın işğal edilmiş ərazilərində qanunsuz fəaliyyətlər barəsində deyib: "Azərbaycan Respublikasının Dağlıq Qarabağ regionu və digər işğal edilmiş ərazilərində qanunsuz fəaliyyət ilə əlaqədar Ermənistan, onun orqanları, hüquqi və fiziki şəxsləri və ya qondarma separatçı rejimlə hər hansı təmasa girən və kommersiya əlaqələri quran şəxslər və ya şirkətlər ölkəmizin ərazi bütövlüyü və suverenliyini, müvafiq qanunlarını və beynəlxalq hüququn norma və prinsiplərini kobud şəkildə pozaraq, inzibati və hüquqi məsuliyyət daşıyırlar. Beynəlxalq hüquqa görə işğal olunmuş ərazilərdə bu cür fəaliyyətin həyata keçirilməsi cinayət məsuliyyətini ehtiva edən hərbi cinayət kimi tövsiv oluna bilər".
Onun sözlərinə görə, Ermənistan-Azərbaycan münaqişənin beynəlxalq hüququn prinsipləri və BMT Təhlükəsizlik Şurasının 822 (1993), 853 (1993), 874 (1993) və 884 (1993) saylı qətnamələri əsasında həlli üzrə aparılan danışıqlara baxmayaraq, Ermənistanın işğal olunmuş Azərbaycan ərazilərində xaricdən insanların gətirilməsi ilə süni məskunlaşdırma aparması, Azərbaycan xalqına məxsus maddi-mədəniyyət abidələrini məhv etməsi və onların mənşəyini dəyişdirməsi, qeyri-qanuni kommersiya fəaliyyətini həyata keçirməsi və azərbaycanlı qaçqın və məcburi köçkünlərin öz torpaqlarına qayıtmasına imkan verməməsi bir daha ona dəlalət edir ki, Ermənistanın məqsədi işğal olunmuş torpaqların ilhaq edilməsidir.
Azərbaycan XİN sözçüsü əlavə edib: "Beynəlxalq hüquqa görə gücdən istifadə edərək ərazi əldə edilməsi və ya dövlətlərin beynəlxalq səviyyədə tanınmış sərhədlərinin pozulması qəbuledilməzdir. Beynəlxalq hüququn imperativ normalarının kobud şəkildə pozulması nəticəsində yaranmış vəziyyət heç bir halda qanuni hesab edilə bilməz. Azərbaycan Respublikası işğal olunmuş əraziləri üzərində beynəlxalq səviyyədə tanınmış suverenliyə malik yeganə dövlətdir. Hər hansı digər hərbi işğal kimi, Ermənistanın da Azərbaycan ərazilərini işğalı müvəqqəti xarakter daşıyır."
H.Hacıyev qeyd edib ki, korporativ sosial məsuliyyət və biznes etik qaydalarını da pozaraq işğal olunmuş ərazilərdə qanunsuz fəaliyyət göstərən əcnəbi hüquqi və fiziki şəxslər Ermənistanın Azərbaycana qarşı işğalı, etnik təmizləmənin qurbanı olmuş bir milyondan artıq azərbaycanlının öz torpaqlarına geri qayıda bilməməsi və onların mülkiyyət hüququ da daxil olmaqla, bütün digər fundamental hüquqlarının pozulmasının davam etməsinə xidmət edirlər.
Azərbaycan XİN sözçüsü əlavə edib: Beynəlxalq hüquqa əsasən üzərinə düşən öhdəliklərə uyğun olaraq, bütün dövlətlər hüquqi və fiziki şəxslərinin Azərbaycanın işğal olunmuş ərazilərinə səfərdən, bu ərazilərdə qanunsuz iqtisadi və digər fəaliyyətdən kənar tutmalı və orada hazırlanmış məhsulların ərazilərinə ixrac olunmasına imkan verməməlidirlər.
H.Hacıyev deyib: Azərbaycan Respublikası tərəfindən işğal olunmuş suveren ərazilərində bu kimi qeyri-qanuni əməllərin qarşısının alınması üçün milli və beynəlxalq səviyyədə bütün hüquqi və siyasi imkanlardan istifadə ediləcək.