Apr 02, 2016 18:24 Asia/Baku
  • Azərbaycan Müdafiə Nazirliyinin son məlumatı: Yaşayış massivləri azad olundu
    Azərbaycan Müdafiə Nazirliyinin son məlumatı: Yaşayış massivləri azad olundu

Azərbaycan Respublikası Müdafiə Nazirliyinin yaydığı məlumata görə, aprelin 2-nə keçən gecə və gün ərzində bütün cəbhə boyu Azərbaycan silahlı qüvvələrinin mövqeləri və yaşayış məntəqələri erməni silahlı birləşmələri tərəfindən intensiv atəşə məruz qalıb. Bunun nəticəsində mülki əhali arasında ölən və yaralananlar var.

Azərbaycan Respublikası Müdafiə Nazirliyindən axar.az-a verilən məlumata görə, bu təxribatın qarşısının alınması, mülki əhalinin təhlükəsizliyinin təmin olunması məqsədilə Silahlı Qüvvələrimizin komandanlığı tərəfindən Ağdərə-Tərtər-Ağdam və Xocavənd-Füzuli istiqamətində cavab tədbirlərinin keçirilməsi barədə qərar qəbul edilib.

Qısa müddətdə həyata keçirilən sürətli əks-həmlə zamanı erməni birləşmələrinin uzun illərdən bəri mühəndis-istehkam baxımından möhkəmləndirdiyi birinci müdafiə xətti cəbhənin bəzi istiqamətlərində yarılıb, strateji əhəmiyyətə malik bir neçə yüksəklik və yaşayış məntəqələri erməni silahlı birləşmələrindən tam azad olunub.

Goranboy rayonu və Naftalan şəhərinə təhlükə yarada biləcək Talış kəndi ətrafındakı yüksəkliklər, eləcə də Seysulan məntəqəsi erməni silahlı birləşmələrindən tam təmizlənib.

Azərbaycan Müdafiə Nazirliyi əlavə edib: Horadiz şəhərinin erməni silahlı birləşmələrin təhlükəsindən qorunması məqsədilə Füzuli rayonu istiqamətində yerləşən, geniş ərazini nəzarətdə saxlamaq imkanı verən strateji əhəmiyyətli "Lələ təpə" adlandırılan yüksəklik də Azərbaycan silahlı bölmələrinin nəzarətinə keçib.

Hazırda həmin yüksəkliklər və yeni müdafiə xətti boyu müvafiq gücləndirmə tədbirləri həyata keçirilir, yeni səngərlər qazılır və mövqelərdə möhkəmləndirmə işləri aparılır.

Döyüşlərdə ermənilərə məxsus 6 ədəd tank, 15-dək artilleriya qurğusu və möhkəmləndirilmiş mühəndis qurğuları məhv edilib, o cümlədən yüzdən çox hərbi qulluqçusu ölüb və yaralanıb.

Döyüşlərdə Azərbaycan Silahlı Qüvvələrinin 12 hərbi qulluqçusu dünyasını dəyişib. Erməni mövqelərinə aviasiya zərbələri zamanı əməliyyata cəlb olunan 1 ədəd Mi-24 helikopteri düşmən tərəfindən vurulub və 1 ədəd tank mina partlayışı zamanı sıradan çıxıb. -deyə Azərbaycan Müdafiə Nazirliyinin məlumatında bildirilir.

Müdafiə Nazirliyinin rəhbərliyi düşmənlə döyüşlərdə şəhid olan hərbi qulluqçuların yaxınlarına və ailələrinə dərin hüznlə başsağlığı verir və səbr diləyir.

Müdafiə naziri döyüşlərdə iştirak edən şəxsi heyətin döyüş qabiliyyətini, hərbi təcrübəsini və döyüş ruhunu yüksək qiymətləndirib.

Müdafiə Nazirliyi bildirir ki, atəşkəs rejimi haqqında razılaşmanın Ermənistan tərəfindən pozulması təkrarən baş verərsə düşmənə vurulacaq zərbələr daha ağır və sarsıdıcı olacaqdır.

Teqlər