İyun 09, 2016 09:55 Asia/Baku
  • Aliyev-Merkel
    Aliyev-Merkel

Azərbaycan prezidenti deyib: “Təhlükəsizlik Şurasının qətnamələrinə əməl etmədiyinə görə Ermənistana sanksiyalar tətbiq olunmur”.

APA-nın məlumatına görə, Azərbaycan Respublikası prezidenti İlham Əliyev iyunun 7-də Berlində Azərbaycan-Almaniya İqtisadi Forumunun açılışında qeyd edib ki, BMT Təhlükəsizlik Şurası Ermənistan qoşunlarının Azərbaycan ərazilərindən çıxarılmasını tələb edən dörd qətnamə qəbul edib: “Lakin onlara əməl edilmir və əməlolunma mexanizmi yoxdur. Təəssüf ki, Təhlükəsizlik Şurasının qətnamələrinə əməl etmədiyinə görə Ermənistana sanksiyalar tətbiq olunmur. Biz burada ikili standartlar siyasəti ilə üzləşirik. Çünki bəzi hallarda Təhlükəsizlik Şurasının qətnamələri bir neçə gün ərzində həyata keçirilir. Bizə gəldikdə isə onlar 20 ildən çoxdur kağız üzərində qalır ”.

Prezident İlham Əliyev qeyd edib ki, 2004-cü ildən bəri Azərbaycanda iqtisadiyyat 300 faiz artıb: “Biz yoxsulluq və işsizlik səviyyəsini əhəmiyyətli dərəcədə azaltmağa nail olmuşuq. Hazırda bəzi Avropa ölkələri enerji balanslarındakı neftin təxminən 30 faizini Azərbaycandan alırlar”.

Azərbaycan prezidenti İlham Əliyev Almaniya kansleri Angela Merkellə görüşdən sonra keçirilən mətbuat konfransında deyib: "Azərbaycan demokratiya və insan haqları prinsipinə sadiqdir. O cümlədən sərbəst toplaşma, ifadə azadlığı sahəsində bir sıra addımlar atılıb. Həmçinin ölkəmizdə din və etiqad azadlığı mövcuddur. "

Prezident İlham Əliyev mətbuat konfransında həmçinin deyib ki, Azərbaycanın Rusiya ilə təhlükəsizlik, nəqliyyat, ticarət sahəsində yaxşı münasibətləri var: “Rusiyanı strateji tərəfdaş hesab edirik. Rusiyanın da Azərbaycana münasibəti eynidir. Rusiyanın Ermənistana silah satması Azərbaycanda allergiyaya səbəb olmur”.

Azərbaycan prezidenti qeyd edib ki, “Azərbaycan təkcə Rusiyadan deyil, həmçinin Türkiyə, İsrail, Belarus və İrandan silah alır”.

Teqlər