"Nardaran işi"nin növbəti məhkəməsindən
Müsəlman Birliyi Hərəkatının sədri, həbsdə olan ilahiyyatçı Taleh Bağırov məhərrəmlik ayının başlanması münasibətilə xalqa müraciətindən sonra Kürdəxanıdakı 1 saylı Bakı istintaq təcridxanasında 5 günlük “kars”a – cərimə kamerasına salınıb.
Məlumatı Taleh Bağırovun özü oktyabrın 5-də Bakı Ağır Cinayətlər Məhkəməsində “Nardaran işi” üzrə iclasda dilə gətirib.
İlahiyyatçı təcridxanada təzyiqlərə məruz qaldığını və bütün bunların çıxışlarına görə edildiyinin ona açıq şəkildə söyləndiyini də bildirib.
Təqsirləndirilən şəxslərdən Abbas Hüseynov “Xəzər” telekanalının rəhbəri Hüseyn Dinləməzin məhkəməyə çağırılıb dindirilməsi barədə vəsatət qaldırıb: “Biz həbs olunmazdan əvvəl – hələ Nardaran hadisəsi olmamış, – “Xəzər” telekanalında süjet verib bizi “terrorçu” adlandırmışdılar. Gəlsin görək, bu məlumatı haradan almışdılar?”.
Taleh Bağırov orada ümumiyyətlə, qumbara atılmadığını bir daha xatırladıb.
“Burada ölüm olmalıydı ki, əllərində əsas tutub adamları zindanlara doldursunlar”, – təqsirləndirilən İbrahim Xudaverdiyev belə deyib.
Təqsirləndirilən şəxslər “bandotdel” də işgəncəyə məruz qaldıqlarını da bildiriblər.
Ötən il noyabrın 26-da güc qurumları Bakının Nardaran qəsəbəsinə basqın ediblər. Əməliyyatda, ikisi polis olmaqla, 6 nəfər həlak olub. Həmin gün «Müsəlman Birliyi Hərəkatı»nın sədri Tale Bağırzadə və onun bir qrup tərəfdarı həbs edilib. Sonradan güc strukturları ümumilikdə 70 nəfərin həbs edildiyini bildirib.