Fev 27, 2017 19:55 Asia/Baku
  • Ayətullah Şəbistəri: Ermənilərin işğalına son qoyulmalıdır
    Ayətullah Şəbistəri: Ermənilərin işğalına son qoyulmalıdır

Vəliyyi Fəqihin Şərqi Azərbaycan vilayəti üzrə nümayəndəsi və Təbrizin imam cüməsi Ayətullah Möhsün Müctəhid Şəbistəri Xocalı şəhidlərinin xatirəsini yad edərək Qarabağın Ermənistanın işğalından azad edilməsini istəyib.

Anac İnformasiya Agentliyinin məlumatına görə, Ayətullah Şəbistəri bu gün Azərbaycan Respublikasının bir qrup elmi, media şəxsiyyəti, partiya və ictimai birliklərin nümayəndələrini qəbul ediblər.

Ayətullah Şəbistəri üzünü onlara tutaraq deyib: İslami İran Azərbaycan Respublikası vətəndaşlarının ikinci vətənidir və Azərbaycan Respublikası vətəndaşlarının İran İslam Respublikası vətəndaşları ilə dərin dini və mədəni ortaqlıqları vardır.

Vəliyyi-Fəqihin Şərqi Azərbaycan vilayəti üzrə nümayəndəsi sionistlərin Fələstini qəsb etdikləri kimi, ermənilərin də Dağlıq Qarabağ işğal etdiklərini bildirib: Qarabağ və Fələstin məsələlərinin bir-biri ilə fərqi vardır və o da budur ki, Fələstin müsəlmanlarının incidilməsi hələ də davam edir. Lakin bununla belə, işğal, işğaldır və Ermənistan işğalçı hesab olunur.

"Müsəlmanlar öz birliklərini qorumalıdırlar. İmam Xomeyninin (rə) buyurduğu kimi, hər bir müsəlman bir vedrə su tökərsə, işğalçı sionist rejimi su aparar. Buna görə, əgər dünya müsəlmanları birləşərlərsə, müharibəyə əsla ehtiyac yoxdur və düşmənlər geri çəkiləcəklər" -deyə Ayətullah Şəbistəri əlavə edib.

Təbrizin imam cüməsi bir qrupun müsəlmanlar arasında etnik və dini ixtilaflar yaratmaqla ayrılıq salmaq istədiklərini bəyan edib: Bu həmlələr qarşısında İran və Azərbaycan əlaqələri və ticarət dövriyyəsini genişləndirməlidirlər və Azərbaycan Respublikası hökuməti tərəfindən viza rejiminin ləğv olunması ilə İran İslam Respublikasının vətəndaşları asanlıqla bu ölkəyə səfər edə bilərlər.

Ayətullah Şəbistəri azərbaycanlı jurnalistlərdən Xocalı və Qarabağ həqiqətləri haqda yazmalarını istəyib: Biz İran şəhidləri ilə fəxr etdiyimiz və onların pak ruhunu salamladığımız kimi, Xocalı şəhidlərinin ruhunu da salamlayırıq.

Teqlər