İranın iqtisadiyyat və maliyyə naziri Bakıda
İran İslam Respublikasının iqtisadiyyat və maliyyə naziri bu gün səhər bir nümayəndə heyətinin müşayiəti ilə Bakıya səfər edib.
İran İslam Respublikasının iqtisadiyyat və maliyyə naziri habelə, İran - Azərbaycan Müştərək İqtisadi Əməkdaşlıq Komissiyasının yeni iranlı həmsədri Məsud Kərbasiyan bu gün səhər saat 4 radələrində Bakıya səfər edib. Məsud Kərbasiyan Bakı hava limanına daxil olduqdan sonra verdiyi müsahibədə Bakıya olan səfərinin məqsədlərinə aydınlıq gətirib və deyib: "Bu səfər Azərbaycan Respublikası prezidenti cənab İlham Əliyevin İran, Rusiya və Azərbaycan prezidentlərinin üçtərəfli iclasında iştirak etmək məqsədi ilə Tehrana olacaq səfəri ərəfəsində həyata keçirilir və mən Müştərək İqtisadi Əməkdaşlqı Komissiyasının sədri ünvanında İran İslam Respublikası prezidentinin üçtərəfli Tehran iclasında iştirakla bağlı rəsmi dəvətnaməsini Azərbaycan prezidentinə təqdim etmək habelə, iki ölkə arasındakı iqtisadi əlaqələrin vəziyyətini araşdırmaq, əldə edilmiş irəliləyişlərlə bağlı hesabat hazırlamaq məqsədi ilə Bakıya səfər etmişəm."
M.Kərbasiyan əlavə edib: "Xoşbəxtlikdən İranın 11-ci hökuməti tərəfindən ikitərəfli əlaqələrin inkişafı istiqamətində çox yaxşı addımlar atılıb və İran prezidentinin göstərişi əsasında razılaşdırılmış birgə layihələrin icrası diqqətlə izlənilir və onların yekunlaşdırılması prosesinin sürətləndirilməsinə səy göstərilir."
İranın iqtisadiyyat və maliyyə naziri iki ölkə arasında dəmir yolları sahəsində həyata keçirilən əməkdaşlıqlar, İran və Azərbaycan dəmir yolları şəbəkələrinin birləşdirilməsi istiqamətində görülən işlər və bu yolla hər iki ölkənin digər məntəqələrə çıxış əldə etməsi, Rəşt-Astara dəmir yolu və İran Astarasının dəmir yolunun Azərbaycan Astarasının dəmir yoluna birləşdirilməsini səfər zamanı diqqət mərkəzində saxlanılacaq mövzulardan adlandırıb.
Cənab Kərbasiyan İran və Azərbaycan arasındakı digər əməkdaşlıq sahələrinə o cümlədən birgə avtomobil zavodunun quraşdırılmasına da işarə edərək, deyib: Bu zavodun gələn ilin əvvəllərində istifadəyə verilməsinə çalışacağıq.
O, Bakıda İran və Azərbaycan tərəfindən müştərək formada dərman zavodunun quraşdırılması, bank əməkdaşlıqları, kənd təsərrüfatı və müştərək sərmayə qoyuluşları habelə, digər məsələləri İran heyətinin Bakıya olan səfəri zamanı diqqət mərkəzində saxlanılacaq digər mövzular adlandırıb və deyib: Ümidvaram səfər zamanı hər iki ölkənin gözləntilərini doğruldaraq, yaxşı nəticələr əldə edə bilək.