Azərbaycan İslam Partiyasının İsrailin Bakıdakı səfirliyi qarşısında keçirdiyi etiraz piketinin qətnaməsi
Azərbaycan İslam Partiyası “Beynəlxalq Qüds Günü” münasibəti ilə bağlı İsrail rejiminin Azərbaycandakı səfirliyi qarşısında aksiya keçirib.
AİP sözügedən aksiya ilə bağlı hazırladığı qətnaməni İsrail səfirliyinə təqdim etmək istəsə də, polisin müdaxiləsi nəticəsində bu mümkün olmayıb. Qətnamədə deyilir:
Biz piket iştirakçıları qədim Fələstin torpağında yaratdığınız qondarma İsrail dövlətinin müsəlman ərəb xalqına qarşı apardığı soyqırım siyasətini qətiyyətlə rədd edirik. Qəzza bölgəsində 70-dən çox insanın-qoca, qadın, körpə bilmədən cəllad xislətli əsgərləriniz tərəfindən qətliam edilməsini, minlərlə insanın ağır yaralanmasını bəşəri cinayətin bariz nümunəsi hesab edir, müqəddəs Qüds şəhərindən əllərinizi çəkməyinizi tələb edirik.
Dünyada apardığınız istismar və qəsbkarlıq siyasətinizlə Yaxın Şərqi, tarixən sülh və əminamanlıq torpağı sayılan Qüdsü qan gölünə döndərmisiz. Əliyalın insanların dinc etirazlarına dözməyən sionist rəhbərləriniz məzlum fələstinliləri gülləbaran etmək üçün qaniçən əsgərlərə verdikləri yaylım atəşi əmri gec-tez zalım xuntanın sonunu yaxınlaşdıracaq. Zülm və məşəqqət nümunəsinin daşıyıcısı olan sionizm ideologiyası eyni zamanda dinc yəhudi xalqını da cana doydurmuşdur. Bir-birini əvəz edən hakim dairələrin əsiri olan yəhudi xalqı cinayətkar dəstənin qurbanına çevrilmişdir. Tövratı saxtalaşdıran bu ideologiya dünyanın imperialist qüvvələrinin təsiri və himayəsi sayəsdində eyni zamanda qədim Fələstin torpaqlarının tarixini də saxtalaşdırmağa cəhdlər göstərir, bu xalqın fundamental dəyərlərini ayaqlar altına atır.
Biz aksiya iştirakçıları hesab edirik ki, işğalçı bir rejimin rəsmi nümayəndələri işğala məruz qalan bir dövlətin, xalqın, müsəlman ümmətinin dostu ola bilməz. Sionist əlaltılarının müqəddəs müsəlman məmləkətlərində diplomatik fəaliyyət göstərməyə mənəvi haqqı yoxdur. Biz müsəlmanların ilk qibləsi, səmavi dinlərarası sülh şəhəri Qüdsün ABŞ tərəfindən israilin paytaxtı kimi qəbul etməsini tarixin ən böyük səhvi, ciddi fəlakətlərin səbəbi və başlanğıcı hesab edirik. Tarixdə “biz”dən “mən”ə tənəzzül edən İsrailin sionist rəhbərləri 20-ci əsrin ortalarından başlayaraq Fələstin xalqına dəhşətli və böyk fəlakətlər yaşadır, bu xalqın tarixi torpaqlarını qəsb etməkdə davam edir.
Biz uzaqgörən nəzərlərlə müəyyənləşən unudulmaz Beynəlxalq Qüds Günü təqviminin sionist İsrail qondarma dövlətinin qəsbkarlıq anlamında olan bütün siyasətinin qarşısının alınması üçün müsəlmanların mübarizə bayrağına çevriləcəyinə inanırıq. Sülhsevər bəşəriyyəti, müsəlman dövlətlərinin liderlərini, dünyanın tərəqqipərvər xalqlarını, o cümlədən həzrət Musa ümmətini sionist İsrail rəhbərlərinə və onların zülmünə baş əyənlərə qarşı mübarizəyə, yer üzünü bu bəladan xilas etməyə çağırırıq.
Hesab edirik ki,bütün dünyada zülmə qarşı etirazı özündə ehtiva edən bu tarixi gündə zalımlara nifrət hissi alovlanmaqdadır. Rəhm və mərhəmətdən uzaq olan qəsbkar rejimlərin istismarçı fəaliyyəti artıq İslam vəhdətini keçilməz, zülmdən qurtuluş üçün əvəzlənməz bir zərurətə çevirmişdir. İşğalçı siniflərə himayədarlıq edən güc mərkəzləri-bəzi Qərb dairələri, başda ABŞ olmaqla yeni müstəmləkəçilik, istismarçılıq, müsəlman xalqlarına qarşı əsarət niyyətlərini reallaşdırmaqla sionizmdən diqqəti yayındırmağa çalışırlar. İraqın, Əfqanıstanın, Liviyanın, Suriyanın, o cümlədən Azərbaycanın tarixi torpaqları olan Dağlıq Qarabağın, digər müsəlman torpaqlarının hərbi təcavüzə məruz qalması, müqəddəs torpaqların istismarçı dövlətlərin qəsbkar ordu qüvvələrinin nəzarətində saxlanması Beynəlxalq Qüds Gününün böyük əhəmiyyətinə, İslamın və müsəlman dünyasının taleyində mühüm önəm kəsb etməsinə diqqətlə yanaşmağı tələb edir.
Sözsüz ki, İslam vəhdəti ilə, zülmün, istismarın, işğalın və qəsbkarlığın qarşısında birgə dayanmaqla həmin mərkəzlərin niyyətlərini puç etmək mümkündür. Biz bütün dünya müsəlmanlarını öz ölkələrinin istismarçı dövlətlər tərəfindən, başda sionist İsrail reyimi olmaqla silah satışı bazarına çevirməsinə yol verməməyə çağırırıq. Onların məqsədi müsəlmanların rifahı və xoşbəxtliyinin təminatı deyil, bizləri qarşı-qarşıya qoyaraq məhv etməkdir. Bununla onlar dünyaya nəzarəti ələ keçirmək, mənəviyyatımızı aradan aparmaq, malik olduğumuz maddi sərvətlərimizi ələ keçirmək istəyindədirlər. Biz bu ədalətsizliyə yol verməz, cinayətkarları cəzasız qoymarıq.