İyul 12, 2020 20:30 Asia/Baku
  • Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Ermənistanın sərhəddə təxribatı ilə bağlı açıqlama yayıb

İyulun 12-də Ermənistan silahlı qüvvələri Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz istiqamətində mövqeləri ələ keçirmək məqsədilə artilleriya atəşlərindən istifadə edərək hücuma keçmək cəhdi ediblər. Döyüş nəticəsində Azərbaycan Ordusunun 2 hərbi qulluqçusu həlak olub, 5 nəfər isə yaralanıb.

SəhərAzəri Azərtac-a istinadla xəbər verir ki, Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin mətbuat xidməti bu gün baş verən döyüşlərlə bağlı bir açıqlama verib. Açıqlamada deyilir: "Ermənistan silahlı qüvvələrinin bu təxribatçı əməli təcavüzkar Ermənistan rəhbərliyinin son zamanlar bölgədə gərginliyin artmasına xidmət edən fəaliyyət və bəyanatlarının davamı kimi nəzərdən keçirilməlidir.

Təcavüzkar siyasətini ölkənin təhlükəsizlik strategiyasında əks etdirən Ermənistan münaqişənin nəticələrini aradan qaldırmaq, işğalçı qüvvələrini Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazilərindən çıxarmaq əvəzinə, yeni mövqelər ələ keçirmək, gərginliyi artırmaq məqsədinə xidmət etdiyini açıq şəkildə nümayiş etdirir.

Ermənistan bu kimi təxribatçı əməlləri ilə üçüncü ölkələri Ermənistan-Azərbaycan münaqişəsinə cəlb etməyə çalışır. Lakin beynəlxalq ictimaiyyətin Ermənistanın təcavüzkar siyasəti ilə bağlı tutduğu mövqe hamıya aydındır.

Düşmən qüvvələrinin bütün təxribatlarının qarşısı bundan sonra da layiqincə alınacaq.

Vəziyyətin gərginləşməsinə xidmət edən bu kimi təhrikedici əməllərə görə bütün məsuliyyət Ermənistanın üzərinə düşür".

Teqlər