Amerikalı sabiq həmsədrdən şok açıqlama:
“Dağlıq Qarabağ BMT idarəçiliyinə verilsin”
Amerikanın ATƏT Minsk Qrupundakı sabiq təmsilçisi Qarabağı BMT idarəçiliyinə verilməsini təklif edib.
SəhərAzəri Bakı mediasına istinadla xəbər verir, ABŞ-ın ATƏT-in Minsk Qrupundakı keçmiş həmsədri Riçard Hoqland deyib: "Şəxsən mən hesab edirəm ki, məsələ BMT-nin probleminə çevrilməlidir və yeganə yol Dağlıq Qarabağı qeyri-müəyyən müddətə BMT himayəsi altına verməkdir. Gələcəkdə, illər sonra, emosiyaların soyuduğu zaman hər iki tərəf BMT-nin rəhbərliyi altında gələcəklə bağlı öz istəklərini ifadə edə biləcəklər”.
Amerikalı sabiq həmsədr bu açıqlaması ilə Dağlıq Qarabağın Azərbaycan Respublikasına qaytarılmasının və ölkənin ərazi bütövlüyünün bərpasına qarşı olduğunu nümayiş etdirib. Zira Qarabağın qeyri-müəyyən müddətə qədər BMT nəzarətinə verilməsi Azərbaycanın bölgəyə hakimiyyətini itirməsi deməkdir.
Əlavə edək ki, Dağlıq Qarabağın BMT idarəçiliyinə verilməsi Azərbaycan tərəfdən bölgənin bəri başdan mübahisəli ərazi kimi tanınması anlamına gələrdi. Halbuki rəsmi Bakı BMT Təhlükəsizlik Şurasının 27-28 ildir kağız üzərində qalan və erməni qüvvələrinin Azərbaycan torpaqlarından qeyd-şərtsiz çıxmasını tələb edən qətnamələrinin icrasını tələb edir.