Azərbaycan Respublikası Ermənistana xəbərdarlıq edib
“Ötən müddət ərzində Ermənistan silahlı qüvvələri cəbhənin müxtəlif istiqamətlərində Azərbaycan Ordusunun yerləşdiyi döyüş mövqelərini və Tərtər, Ağdam, Ağcabədi rayonları daxil olmaqla bir sıra yaşayış məntəqələrini müxtəlif silahlardan, o cümlədən artilleriya və raketlərdən atəşə tutub”.
SəhərAzəri Apa-ya istinadla xəbər verir ki, bunu Hərbi İnformasiya Mərkəzinin brifinqində Azərbaycan Müdafiə Nazirliyinin (MN) mətbuat katibi, polkovnik-leytenant Anar Eyvazov deyib.
O bildirib ki, döyüş əməliyyatları əsasən Ağdərə, Xocavənd və Qubadlı istiqamətlərində davam etdirilib.
"Ermənistan yenə də dezinformasiya yayaraq, Azərbaycan Ordusunun guya Ermənistanın Qafan şəhəri yaxınlığındakı kənd istiqamətində döyüş əməliyyatları apardığını iddia edir. Reallıqda isə bu istiqamətdə Qubadlını artilleriya atəşinə tutan legitim hərbi hədəfə qarşı Ordumuz adekvat tədbirlər çərçivəsində atəş açıb. Ermənistan bilməlidir ki, bundan sonra da ona qarşı adekvat cavab tədbirləri görüləcək. Qoşunlarımızın müdafiə xəttinə yaxınlaşmağa cəhd göstərən Ermənistan xüsusi təyinatlılarından ibarət kəşfiyyat diversiya qrupunun fəaliyyətinin qarşısı qətiyyətlə alınıb və onları daşıyan avtomobil texnikası şəxsi heyətlə birlikdə dəqiq atəş zərbəsi ilə məhv edilib”, - deyə A.Eyvazov qeyd edib.