Azərbaycan Respublikasında "YAŞAT" adlı yeni fond yaradılıb
Azərbaycan Respublikasında Qarabağ müharibəsində yaralananlara və şəhid olanların ailələrinə dəstək üçün YAŞAT fondu yaradılıb.
SəhərAzəri Apa-ya istinadən xəbər verir, Azərbaycan Respublikasının prezidenti İlham Əliyev bu ölkənin ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar yaralananların və şəhid ailələrinin təminatına dəstək fondunun (“YAŞAT” Fondu) yaradılması haqqında fərman imzalayıb.
Fərmanda deyilir: "Azərbaycan Respublikasında hərbi qulluqçuların və şəhid ailələrinin sosial müdafiəsi və onların rifahının yaxşılaşdırılması daim dövlət siyasətinin əsas tərkib hissəsi olmuşdur. Bu istiqamətdə geniş dövlət dəstəyi mexanizmləri formalaşdırılmış, onlar hərtərəfli dövlət qayğısı ilə əhatə olunmuşlar.
Bununla yanaşı, şəhid ailələrinin və Vətənin müdafiəsində iştirak edən şəxslərin maddi-sosial vəziyyətinin yaxşılaşdırılması daim vətəndaş cəmiyyətinin də diqqət mərkəzindədir. Azərbaycan xalqı xeyirxahlıq, fədakarlıq və humanizm prinsiplərini rəhbər tutaraq, təmənnasız kömək ənənələrini davam etdirir, vətəndaşlarımız, xarici ölkələrdə yaşayan soydaşlarımız, sahibkarlar, humanitar və digər təşkilatlar şəhid ailələrinin və hərbi əməliyyat iştirakçılarının zəruri ehtiyaclarının təmin edilməsinə, maddi, tibbi və digər sosial xərclərinin ödənilməsinə yardım sahəsində həmrəylik nümayiş etdirirlər.
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, şəhid ailələrinin və hərbi əməliyyatlar nəticəsində əlilliyi müəyyən olunmuş şəxslərin sosial müdafiəsi sahəsində dövlət tərəfindən həyata keçirilən tədbirlərə əlavə dəstək verilməsi istiqamətində vətəndaş cəmiyyəti təşəbbüslərinin reallaşdırılması üçün müvafiq platformanın yaradılması, bu sahədə şəffaflığın, hesabatlılığın və ictimai nəzarətin təmin edilməsi məqsədilə qərara alıram:
Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar yaralananların və şəhid ailələrinin təminatına dəstək fondu – “YAŞAT” Fondu yaradılsın".