İlham Əliyev Hulusi Akarın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib
Azərbaycan Respublikasının prezidenti İlham Əliyev dekabrın 31-də Türkiyənin milli müdafiə naziri Hulusi Akarın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
SəhərAzəri Apa-ya istinadən xəbər verir ki, nümayəndə heyətinə Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Yaşar Güler, Türkiyə Respublikasının Quru Qoşunları komandanı Ümit Dündar və Türkiyə Respublikasının Hərbi Dəniz Qüvvələri komandanı Adnan Özbal daxildir.
Görüşdə Azərbaycan Respublikası prezidenti Yeni il münasibətilə Türkiyə hökuməti və xalqını təbrik edib və ikinci Qarabağ müharibəsi zamanı Azərbaycana göstərdikləri dəstəyə görə, təşəkkür edib.
"Müharibə zamanı bu böyük siyasi və mənəvi dəstək bizə əlavə güc verdi, bütün dünya bir daha gördü ki, Türkiyə-Azərbaycan birliyi, qardaşlığı sarsılmazdır, əbədidir və bütün günlərdə - xoş günlərdə, ağır günlərdə biz bir-birimizin yanındayıq", - deyə İ.Əliyev əlavə edib.
Azərbaycan prezidenti, həmçinin bu ilin Azərbaycan üçün xüsusi əhəmiyyət daşıdığını bəyan edərək, deyib: "Uzun illərin işğalına son qoyuldu, Azərbaycan öz ərazi bütövlüyünü bərpa etdi, Biz şəhidlərin ruhu qarşısında and içmişik ki, dağıdılmış bölgələri bərpa edəcəyik. Artıq bərpa işləri başlanıb, ilkin kontraktlar imzalanıb və infrastruktur layihələrdə, o cümlədən, Füzuli-Şuşa avtomobil yolunun tikintisində türk şirkətləri Azərbaycan şirkətləri ilə birlikdə fəaliyyət göstərirlər. Bütün başqa layihələrdə türk şirkətlərinin fəaliyyəti artıq təsdiq edilib, o cümlədən Kəlbəcərə çəkiləcək yeni yol, tunellər və digər infrastruktur layihələri icra ediləcək. Tezliklə biz bu bölgələrə həyat qaytarmalıyıq”.
Türkiyənin milli müdafiə naziri Hulusi Akarda bu görüşdə deyib: "Qarabağ Zəfərinin həqiqətən Qafqazın tarixində çox önəmli yeri var. Bu, həm Türkiyə-Azərbaycan əlaqələri baxımından dönüş nöqtəsi oldu, həm də Qafqazın gələcəyi baxımından həqiqətən çox önəmli bir addım oldu".
Nazir sonra deyib: “İnşallah, ən qısa vaxtda Ortaq Mərkəzin fəaliyyətə başlamasından sonra Naxçıvan ilə Zəngilan arasında kommunikasiya xətti qurulacaq ki, bu da Türkiyənin, Naxçıvanın və Azərbaycanın fiziki olaraq bir-birinə bağlanması baxımından çox önəmlidir”.