Yan 18, 2021 15:16 Asia/Baku
  • Azərbaycan Respublikasında vaksinasiya başlayıb

Yanvarın 18-də Azərbaycan Respublikasında COVID-19-a qarşı vaksinasiya prosesinə səhiyyə işçilərinin peyvəndlənməsi ilə start verilib.

SəhərAzəri Baki xəbər agentliklərinə istinadən xəbər verir, Azərbaycan Respublikasında Çin istehsalı olan "CoronaVAC" vaksini ilə peyvəndlənmə həyata keçirilir.

Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Operativ Qərargahın məlumatına görə, bu prosesdə birinci mərhələ fevralın 1-də başa çatmalıdır.

Peyvəndlər birinci mərhələdə risk qrupuna aid şəxslərə vurulmalıdır. Söhbət səhiyyə işçilərindən, 65 yaşdan yuxarı şəxslərdən və hüquq-mühafizə orqanları tərəfindən əks-epidemik tədbirlərə cəlb olunan heyətdən gedir.

Rəsmi açıqlamaya görə, Azərbaycan Respublikası əvvəlcə "Sinovac" şirkətindən (Çin) 2 milyon doza "CoronaVac" vaksini alacaq. Bu prosesin mərhələlərlə həyata keçirildiyi qeyd edilib. Ümumilikdə "Sinovac" şirkətinə 4 milyon doza vaksin sifariş edildiyi açıqlanıb. Bu, 2 milyon əhaliyə kifayət etməlidir. Ümumilikdə əhalinin 40 faizinin (4 milyon) bu prosesə cəlb ediləcəyinin gözləndiyi vurğulanıb.

Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Operativ Qərargahının digər qərarına görə, Azərbaycanda xüsusi karantin rejiminin müddəti 2021-ci il aprelin 1-i, saat 06:00-dək uzadılıb.

2019-cu ilin sonlarında dünyada yeni koronavirus aşkar edilib. 2020-ci il martın 11-də Dünya Səhiyyə Təşkilatı koronavirusu pandemiya elan edib. Dünyada sürətlə yayılan bu virusdan indiyə qədər 2 milyon civarında şəxsin vəfat etdiyi açıqlanıb. İndiyədək Azərbaycanda isə 226549 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 2983 nəfərin vəfat etdiyi açıqlanıb.
 

Teqlər