Ermənistan hadisələri azərbaycanlı ekspertlər tərəfindən qızğın müzakirə olunur
Azərbaycanlı ekspertlər deyirlər ki, Paşinyanın istefa verməsi istisna edilmir və tərəflər son savaşa hazırlaşırlar.
SəhərAzəri xəbər verir ki, politoloq Fikrət Sadıxov Sputnik Xəbər Agentliyi ilə müsahibədə deyib ki, general ya çevriliş edir, ya da ümumiyyətlə siyasətə qarışmır. Bunun üçüncü variantını başa düşmək mümkün deyil. Görünən odur ki, hakimiyyətə gəlmək istəyən hansısa siyasi qüvvələr generallardan istifadə edərək mövcud hökuməti devirmək niyyətindədir.
Politoloq deyib ki, artıq Ermənistanda siyasi elitanın parçalanmasını görürük. Lakin hakimiyyətin qorxub istefa verməsi üçün bu məsələdə kütləvilik olmalıdır. Təbii ki, Paşinyan bundan istifadə edərək tərəfdarlarını toplayır, gurultulu ifadələrlə dolu çıxışlar edir və hələlik vəziyyətə nəzarət edə bilir. Ola bilsin ki, bu vəziyyət elə bu şəkildə davam edəcək. Amma etiraz aksiyaları genişlənsə və davamlı xarakter alarsa, Paşinyanın istefaya getməsi istisna edilmir.
Politoloq İlqar Vəlizadə isə bildirib ki, bu, Ermənistanda birinci çevrilişə cəhd deyil. Bundan öncə də bir neçə dəfə çevrilişə cəhd edilib. Ermənistan müxalifət liderləri bundan əvvəl verdikləri açıqlamalarda dolayısı ilə çevrilişə hazırlıqlarla bağlı mesajlar verirdi. Müharibədən sonrakı vəziyyət göstərdi ki, Ermənistanın hərbi elitası arasında Paşinyana münasibətdə yekdil mövqe yoxdur. Paşinyana qarşı olan və müxalifətlə təmaslarını davam etdirən hərbi elita məqam gözləyirdi. Paşinyanın da açıqlamaları buna münbit şərait yaratdı.
Politoloqun fikrincə, indiki vəziyyət Paşinyan üçün üstünlüklər yaratdığı kimi risklər də formalaşdırır. Bu çevrilişə cəhdlə o, özünə loyal olan şəxsləri tanımış oldu. Ona qarşı çıxan şəxsləri vəzifələrindən uzaqlaşdırdı. Mövcud şərait qarşıdurmanın hərbi iğtişaşlara çevrilməsini istisna etmir. Paşinyana qarşı olan hərbi generalitet Qarabağdan qaytarılmış hərbi texnikanı silahlı iğtişaşlar üçün istifadə edə bilər. Bu gün Ermənistanda köhnə elitanın dayaqları zəifləyir və bu da onları getdikcə aqressivləşdirir. Tərəflər son savaşa hazırlaşırlar.