Apr 27, 2021 17:13 Asia/Baku

Azərbaycanlı politoloq Rusiyanı erməni separatizminə birbaşa dəstək verməkdə ittiham edib.

SəhərAzəri xəbər verir ki, Elxan Şahinoğlu Xankəndində sülhməramlıların parad təxribatından, Araik Arutyunyanın Moskvaya aparılmasının arxasında duran məqamlardan danışarkən deyib: Artıq bu nəticəyə gəlmək olar ki, Rusiya erməni separatizmini himayə edir.

 “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu “Yeni Müsavat” qəzeti ilə müsahibədə Rusiyanın Qarabağda mayın 9-u planlaşdırdığı parad başdan-ayağa təxribat saymasını belə əsaslandırıb: Birincisi, bu, Azərbaycan tərəfi ilə razılaşdırılmayıb. İkincisi, sülhməramlı qüvvələrin parad keçirməsinə ehtiyac yoxdur. Bu, sadəcə təxribatdır.

Politoloq deyib ki, sülhməramlı qüvvələrin parad keçirməsi mandatlarına ziddir. Bundan başqa, Rusiyanın Araiki Moskvaya çağırması da təxribatdan başqa bir şey deyil. Azərbaycanın ictimaiyyət nümayəndələri 2 dəfə Rusiya səfirinə məktub yazıb. 

Politoloqun qənaətincə, Azərbaycan hakimiyyəti də Rusiyanın bu hərəkətindən narazıdır. Parad, Araikin Moskvaya çağırılması, modul tipli kazarmaların artırılması ondan xəbər verir ki, Rusiya Azərbaycanla razılaşdırılmayan addımlar atır. Artıq bu nəticəyə gəlmək olar ki, Rusiya erməni separatizmini himayə edir. Bu istiqamətdə əvvəllər Qarabağ separatçıları Ermənistana tabe idisə, indi artıq Moskvaya tabedirlər. 

Elxan Şahinoğlu Azərbaycan hakimiyyətinə tövsiyə edib ki, Xarici İşlər Nazirliyi kəskin bəyanat hazırlayıb Rusiyadan parad təxribatına son qoymağı tələb etməlidir. Bundan əlavə Rusiyanın Azərbaycandakı səfiri Xarici İşlər Nazirliyinə dəvət olunub məsələ aydınlaşdırılmalıdır və ona nota verilməlidir.

Teqlər