May 04, 2021 10:36 Asia/Baku
  • İran Qarabağdakı bərpa işlərində iştirak etməsin!

Axar.az portalı İranın işğaldan azad olunmuş ərazilərin bərpasına buraxılmamasını tələb edib.

SəhərAzəri xəbər verir ki, bununla əlaqədar portal qonşu ölkəyə qarşı qərəzli təbliğatını əsaslandırmaq üçün İran TIR-larının separatçılara guya gödəkçə daşıdığını iddia edib.  

Bildirilir ki, İranın “yardım” adı altında apardığı yük Gürcüstandan buraxılmayan hərbi yük ola bilər. Yaxud da həmin zirehli gödəkçələr bu “yardım”ın arasına qarışıb.

Uydurma fərziyyənin davamında deyilir ki, iki TIR dolusu zirehli gödəkçənin Xankəndidəki separatçıların yaratdığı yeni silahlı qruplaşmalar üçün nəzərdə tutulması istisna deyil.

Müşahidəçilər son günlərdə bəzi KİV-lərdə İrana qarşı dezinformasiyanın təsadüfi olmadığını və bunun birbaşa İsrailin sifarişi ilə həyata keçirildiyini bildirirlər. Onların qənaətincə, İranın bərpa işlərində səmimi təkliflərinə Azərbaycan dövlətinin müsbət yanaşması, xüsusilə də Araz çayının o tayındakı layihələrə dəvət olunması sionist-mason təşkilatlarını qıcıqlandırır və onlar nəzarətlərində olan bir sıra medialar vasitəsilə Azərbaycanın Qarabağ uğrunda haqlı mübarizəsinə güclü dəstək vermiş İran İslam Respublikasını şərləyərək, bu dövləti İranın təcrübələrindən məhrum etmək istəyirlər.

Qeyd edək ki, İkinci Qarabağ Müharibəsinin qızğın çağında İranın aliməqamlı Rəhbəri Həzrət Ayətullahül-uzma Xamenei bütün torpaqların Azərbaycana qaytarılmasını tələb etdi və bu çağırış Azərbaycan xalqı və dövləti tərəfindən böyük məmnunluqla qarşılandı. Bununla yanaşı prezident İlham Əliyev Araz kənarı səfərində İran-Azərbaycan sərhədini dostluq sərhədi adlandırmaqla qonşu ölkəyə olan isti münasibətini nümayiş etdirdi. Bu kontekstdə İran-Azərbaycan dostluğundan və əməkdaşlığından narazı qalan dairələr hazırda yalan materialları ilə rəsmi Bakının regional əməkdaşlığına xələl gətirmək üçün dəridən-qabıqdan çıxır, İranı gözdən salmağa çalışırlar. Alternativ olaraq bu günlərdə İnsan Haqlarına Nəzarət Təşkilatı tərəfindən İşğal olunmuş Fələstin torpaqlarında aparteid rejimini tətbiq etməkdə ittiham olunan İsrailin texnologiyaları təbliğ olunur. Lakin İranın qardaşlıq naminə atdığı addımlara bu kimi çirkin oyunlarla kölgə salmaq mümkün olmayacaqdır.

 İran dövləti və xalqı hər zaman Azərbaycanın yanında olub və bu ölkənin ərazi bütövlüyünü ən səmimi şəkildə müdafiə edir və edəcək də. Azərbaycan isə işğaldan azad olunmuş ərazilərindəki bərpa işlərində həm də qonşu dövlətə etibar edir və şantaj yolu ilə onun düşünülmüş siyasətini dəyişmək mümkün deyildir.    

 

Teqlər