Zəngəzur koridoruna xüsusi önəm verilir
İlham Əliyev yenə də Zəngəzur koridorundan danışdı
Azərbaycan Respublikasının prezidenti ölkəsinin yeni bir koridor üzərində çalışdığını bildirib.
SəhərAzəri-nin məlumatına əsasən, İlham Əliyev mayın 30-da Türkiyə Respublikasının nəqliyyat və infrastruktur naziri Adil Karaismailoğlunun başçılıq etdiyi nümayəndə heyətini qəbul edərkən Zəngəzur koridorunun açılmasına təkid edib.
Azərbaycan dövlət başçısı bildirib ki, İkinci Qarabağ savaşından sonra yeni bir koridor üzərində iş gedir – Zəngəzur koridoru. Artıq beynəlxalq müstəvidə də bunun adı məhz Zəngəzur koridoru kimi təsbit edildi. Bu da Türkiyə ilə Azərbaycan arasında yeni bir bağlantını təmin edəcək.
Onun sözlərinə görə, müharibədən sonra ilk mərhələdə Ermənistan bu məsələ ilə bağlı öz etirazını bildirmişdir. Ancaq son vaxtlar Ermənistan tərəfi də artıq bu koridorun qaçılmaz olması ilə bağlı məsələləri düzgün təhlil edir və üçtərəfli çərçivədə müzakirələr aparılır. Azərbaycan, Rusiya, Ermənistan Baş nazirlərinin müavinləri səviyyəsində işçi qrup çərçivəsində bu məsələ müzakirə edilir və yaxşı nəticələr də var.