May 31, 2021 14:04 Asia/Baku
  • Deputatların nigarançılıqlarına baxmayaraq qanun layihəsi qəbul olunub

Azərbaycan Respublikası Milli Məclisinin bu gün keçirilən iclasında “Azərbaycanın mədəniyyət paytaxtı - Şuşa şəhəri haqqında” qanun layihəsi üçüncü oxunuşda müzakirəyə çıxarılıb.

SəhərAzəri-nin APA-ya istinadən verdiyi məlumata görə, qanun layihəsini Milli Məclisin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva təqdim edib.

Komitə sədri bildirib ki, qanun layihəsi 15 maddədən ibarətdir.

Qanun layihəsinə əsasən, Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhərinin inzibati sərhədləri daxilində Şuşa şəhəri Dövlət Qoruğu yaradılacaq.

Şuşa şəhərinin inzibati sərhədlərinə bitişik yerləşən və onunla təbii landşaft, sosial, tarixi, mədəni və ya təsərrüfat bağlılığı olan və ya Şuşa şəhəri Dövlət Qoruğunun mühafizəsi, qorunması və ya inkişafı üçün əhəmiyyətə malik olan ərazilərdə publik hüquqi şəxs tərəfindən mühafizə zonasının sərhədləri müəyyən ediləcək.

Qanun layihəsinin mayın 27-də MM-nin ikinci oxunuşu zamanı bu layihəyə qarşı səsləndirilən iradlar üçüncü oxunuşda öz həllini tapmayıb. Bu barədə komitə sədri Qənirə Paşayeva həmin iradları çox vacib təkliflər adlandırsa da dövlət qurumlarının həmin təklifləri nəzərə alacaqlarına ümid etməklə kifayətlənib və “Biz təkliflərlə bağlı hakimiyyət orqanları ilə müzakirələr aparmışıq.” - deyə  deputatları qanun layihəsinə səs verməyə çağırıb.

Qanun layihəsində bəzi deputatları nigaran edən maddələr nədən ibarətdir və hansı boşluqlar var?

Deputat Qüdrət Həsənquliyev “Azərbaycanın mədəniyyət paytaxtı - Şuşa şəhəri haqqında” qanun layihəsinin ikinci oxunuşda müzakirəsi zamanı belə demişdi: “Layihədə yazılıb ki, şəhərə giriş-çıxış tənzimlənəcək. Bu necə tənzimlənəcək?. Bu tənzimlənmə zamanı pul alınacaqmı? Yaxud kimlərin girişinə icazə veriləcək?

Qüdrət Həsənquliyev həmçinin şəhərin idarəetmə sistemi barədə də nigaranlıq bildirərək deyib ki, bu şəhər qoruq elan olunmaqla bütünlüklə şəhərin idarəetmə sistemini dəyişə bilmərik. Orada yaşayan insanların müvafiq idarəetməsi olmalıdır. Bu, Konstitusiyada əksini tapıb.”

Deputat əlavə olaraq deyib: “Bizdə qoruqlarla bağlı qanun layihəsi yoxdur. Hələ də giriş-çıxışın necə tənzimlənəcəyi bəlli deyil. Bu məsələyə aydınlıq gətirilməsi mənim özümdən çox, ictimaiyyət üçün maraqlıdır”.

MM-in Mədəniyyət komitəsinin sədri, deputat Qənirə Paşayeva isə deyib ki,

“Dövlət qoruğuna giriş-çıxışın tənzimlənməsi yeni anlayış deyil. İçərişəhər dövlət qoruğuna da giriş-çıxış tənzimlənir. İnsanlarımızın Şuşaya getməsində heç bir problem olmayacaq”.

Deputat Siyavuş Novruzov isə içərişəhərlə Şuşa arasında fərq olduğunu deyib:” İçərişəhər Bakının Səbail rayonunun bir hissəsidir, layihədə isə Şuşa şəhəri bütövlükdə qoruq elan edilir.

Deputat şuşa sakinlərinin öz doğma şəhərlərinə qayıtmaları məsələsinə də aydınlıq gətirilməsini istəyib, qeyd edib ki, Şuşada 20 minə yaxın insanın yaşaması nəzərdə tutulur: “Bütün işğaldan azad edilmiş ərazilərə insanlarımız hansı qaydada köçürüləcəksə, Şuşada da eyni qaydada olmalıdır”.

Deputat Vahid Əhmədov isə bu qanun layihəsində Şuşanın inzibati bölgüsünün öz əksini tapmalı olduğunu vurğulayıb. O deyib: Şuşanın kəndləri çox böyük siyasi əhəmiyyətlidir. Hazırda bu kəndlərdə ermənilər yaşayır və rus sülhməramlılar fəaliyyət göstərir. Şuşa kəndlərinin bu şəkildə işğal altında olması gələcəkdə problemə səbəb ola bilər. Şuşa şəhəri Şuşa rayonuna daxildir. Bu qanun layihəsində Şuşanın inzibati bölgüsü əksini tapsa, yaxşı olardı. Çünki bədnam qonşularımız gələcəkdə layihədə Şuşanın kəndlərinin öz əksini tapmamasından istifadə edə bilərlər”.

Bütün bu iradlar və nigarançılıqlara baxmayaraq “Azərbaycanın mədəniyyət paytaxtı - Şuşa şəhəri haqqında” qanun layihəsi üçüncü oxunuşda qəbul edilib.

Teqlər