Noy 09, 2025 11:46 Asia/Baku
  • Hökumət alternativ gəlir mənbələri axtarır - TƏHLİL

Hesablamalar göstərir ki, 2024-cü ilin eyni dövrü ilə müqayisədə Azəri-Çıraq-Günəşli” (AÇG) yatağının platformalarından neft hasilatı 4,3% və ya 4 milyon barrel azalıb.

Bu barədə “BP-Azərbaycan” şirkətindən məlumat verilib.

Məlumata əsasən, bu ilin yanvar-sentyabr ayları ərzində “Azəri-Çıraq-Günəşli” layihəsi çərçivəsində 89 milyon barrel neft hasil edilib.

Başqa bir hesablamaya əsasən, 14 il əvvəllə yəni 2012-ci ilin ilk 9 ayının nəticəsilə müqayisədə AÇG-də hasilat 2 dəfə və ya 98,7 milyon barrel azalıb. Bu isə o deməkdir ki, büdcə gəlirləri azalmaqdadır və hökumət buna alternativ gəlir mənbəyi axtarmaq fikrinə düşüb. Bununla əlaqədar, büdcə gəlirlərini təmin etmək üçün vergi növləri artırılır. Bununla əlaqədar 2026-cı il üzrə bu gəlir mənbəyində artım 2025-ci ilə nisbətən 2,7 dəfə çox olacaq.

Beləliklə neft hasilatının həm son bir ildə, həm də 10 ildən çox müddət ərzində bu qədər düşməsi ölkənin əsas gəlir mənbəyinin tükənməkdə olduğunu göstərir. Dövlətin uzun illər neftdən gələn asan pullara arxalandığı üçün alternativ iqtisadiyyat qurulmayıb. İndi isə real nəticə budur: gəlir azalır, xərclər artır və hökumət öz səhvlərinin yükünü yenə sadə insanın çiyninə qoyur.

Vergilərin artırılması, yol vergisinin yüksəldilməsi və digər fiskal addımlar göstərir ki, hökumət büdcə kəsirini optimallaşdırma, islahat və iqtisadi dəyər yaratmaqla deyil, birbaşa insanların cibindən kompensasiya etmək yolunu seçib. Bu, qısamüddətli rahatlıq yarada bilər, ancaq uzunmüddətli perspektivdə iqtisadiyyatı daha da zəiflədir. Vətəndaşın yükünü ağırlaşdırmaq istehlakı azaldır, biznesi sıxır və yenə büdcə gəlirlərinin azalmasına gətirir.

Belə bir şəraitdə əgər struktur islahatlar gecikdirilsə, vergi artımları davam edəcək və bu tendensiya orta təbəqə üçün daha ağır nəticələr yaradacaq.