Noy 08, 2025 15:17 Asia/Baku
  • Əkrəm Həsənov: Azərbaycan dilinə ən böyük təhdid türk dilidir!

Azərbaycan dilimizin müstəqilliyinə ən böyük təhdid türk, yəni Türkiyənin dilidir.

Bu barədə tanınmış hüquqşünas Əkrəm Həsənov Facebook üzərindən paylaşdığı məqalədə yazıb.

Həsənov qeyd edib ki, “Nə rus, nə də əlbəttə ki, ingilis dili təhdid deyil. Rusiya və SSRİ tərkibində rus dili bizi dilimizdən məhrum edə bilmədisə, indi heç edə bilməz. Türk dilindən gələn təhdid isə məhz türk xalqı ilə yaxınlığımızdan irəli gəlir. Onları qardaş bildiyimiz üçün kəlmələrini asanlıqla qəbul edərək assimilyasiya oluruq”.

Hüquqşünas alim əlavə edib: “Bəziləri inadla bizə sırımaq istəyir ki, guya dilimiz türk dilidir. Bəli, lakin müstəqil dildir, onun söz ehtiyatının yarıdan çoxu ərəb və fars mənşəli sözlərdən ibarətdir. Konstitusiyamız və himnimizin misalında mən sübut etmişəm ki, ərəb və fars sözləri dilimizin azı 60 faizini təşkil edir”.

Prezident İlham Əliyev Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) 70 illik yubileyinə həsr olunan ümumi yığıncaqda çıxışı zamanı Azərbaycan dilini qorumağa çağırıb və deyib ki, “əks halda milli kimliyimiz sarsıla bilər. Dilimizdə kəlmə varsa, onu başqa dildəki kəlmə ilə əvəzləmək olmaz. Bu ya səhvdir, ya da təxribat!”.

Xatırladaq ki, bu ilin fevral ayında Bakıda bir tədqiqatçı alim Azərbaycan dilinin türkləşməsi və Azərbaycan Respublikası xalqının dil hüquqlarının pozulması barədə xəbərdarlıq etmişdi.

Ayaz Salayev Baku TV kanalına müsahibəsində, Azərbaycan dilinin türk dilindən fərqliliyinə diqqət çəkərək, bu dilin kimlik elementlərini qorumağın və insanların dil hüquqlarına hörmət etməyin vacibliyini vurğulayaraq demişdi: “İndi rus dili Azərbaycan dili üçün təhlükəli deyil, türk dili Azərbaycan dili üçün təhlükəlidir və dilimizi dəyişir. Məsələn, tələbələrim "qəsəbə" sözünün əvəzinə "kasaba" sözünü istifadə edirlər”.