Birtərəfli işləyən Üçtərəfli saziş...
Üçtərəfli saziş nə vaxta qədər bir tərəfə-erməniyə işləyəcək?
Keçmiş təhlükəsizlik zabiti 10 noyabr razılaşmasının qüsurlu bir sənəd olduğunu deyir
SəhərAzəri-nin məlumatına əsasən, İlham İsmayıl Moderator potalında yayılan məqaləsində bildirib ki, 10 noyabr 2020 il Azərbaycan, Rusiya və Ermənistan arasında imzalanmış üçtərəfli sazişin Azərbaycan üçün vacib olan daha üç bəndi yerinə yetirilmir. Dördüncü bənd isə ümumiyyətlə qeyri-müəyyəndir. Belə ki, “erməni silahlı qüvvələrinin geri çəkilməsi...” dedikdə konkret göstərilməyib ki, bu “geri” deyilən yer haradır.
Təhlükəsizlik eksperti qeyd edib ki, “ Artsax müdafiə ordusu” adı altında erməni silahlı qüvvələrinin Azərbaycan ərazisindən çıxarılması məsələsi açıq olaraq qalır, əksinə bu qüvvələrin sayı getdikcə artırılır və Ermənistan Respublikası gizli şəkildə kontingenti təzələyir, işğal davam edir.
İlham İsmayılın yazdığına görə, reallaşan bəndlərin özündə də əksiklik kifayət dərəcədədir və bu əksiklik bizim maraqlarımıza qarşıdır. Laçın rayonunun mərkəzinə və dövlət sərhədinə qədər olan dəhliz istiqamətində yerləşən kəndlərə də bizim nəzarət etmək imkanı tanınmayıb. Dəhliz boyu yaşayış məntəqələrinə Azərbaycan hərbiçiləri buraxılmasa da, qanunsuz məskunlaşmış ermənilərin də bu yerlərdə qalması doğru deyil
Digər tərəfdən 7-ci bəndə əsasən, məcburi köçkünlər və qaçqınlar Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarlığı İdarəsinin nəzarəti altında Dağlıq Qarabağ ərazisinə və ona bitişik ərazilərə qayıdırlar. Halbuki razılaşma tam birtərəfli şəkildə həyata keçirilir. Rusiya qısa bir müddətdə 52 min erməninin qayıtmasını təşkil etdi. Azərbaycandan olan qaçqınların isə o yerlərə dönməsi barədə heç bir rəsmi mövqe yoxdur. Azərbaycan tərəfi bu istəyi 7 ayda bir dəfə də olsun rəsmən bildirməyib.
Ekspett 9-cu bəndə də öz iradını bildirib. “ Bölgədəki bütün iqtisadi və nəqliyyat əlaqələri blokdan çıxarılır. Bu bəndin də bizim üçün reallaşmadığı faktdır. Nə Kəlbəcərə, nə də Şuşaya daxili yollarla gedə bilmirik. İki tərəf üçün sazişdə nəzərdə tutulan yollar açıqdır, bizə gələndə bağlı. Ona görə də zamanın uzanması qalib dövlətin yəni Azərbaycanın mövqelərini möhkəmlətmir. Üçtərəfli saziş nə vaxta qədər bir tərəfə-erməniyə işləyəcək?”, -yazır İlham İsmayıl.