Rusiyada faşizm meyilləri güclənir
"Rusiyanın azərbaycanlı sakinləri evlərinə getsinlər”- Jirinovski
Rusiya Liberal Demokrat Partiyasının sədri Vladimir Jirinovski 19 yaşlı azərbaycanlı Vəkil Abdullayevi qətlə yetirən polisi dəstəkləyib.
SəhərAzəri-nin məlumatına əsasən, rusiyalı siyasətçi və deputat deyib: “Novosibirsk vilayətində polis təsadüfən yol hərəkəti qaydasını pozan birini yaxalayan zaman qətlə yetirib. Azərbaycan parlamentinin deputatları hansısa etiraz təşkil edirlər. Əgər azərbaycanlı sakinlər üçün burada nəsə qaydasında deyilsə, qoy evlərinə getsinlər”, – deyə o bildirib.
Qeyd edək ki, Rusiya vətəndaşı olan 19 yaşlı azərbaycanlı gənc Vəkil Abdullayevi qətlə yetirən polisin azadlığa buraxılması millət vəkillərinin və ictimaiyyət nümayəndələrinin Rusiya liderinə müraciət imzalamasına səbəb olmuşdu.
Kremlə yaxınlığı ilə seçilən Jiriniovski vaxtaşırı postsovet respublikalarını aşağılayır və onların Rusiyaya birləşməsini tələb edir.
Rusiya Prezidenti Vladimir Putin bu il aprelin 25-də bu qalmaqallı siyasətçinin 1-ci dərəcəli “Vətən qarşısında xidmətlərinə görə” ordeni ilə təltif edilməsi haqqında fərman imzalayıb.
Fərmanın mətnində deyilir ki, Jirinovski Rusiya dövlətçiliyinin möhkəmləndirilməsinə, parlamentarizmin inkişafına böyük töhfələr verdiyinə və fəal qanunvericilik fəaliyyətinə görə təltif olunur.