Seymur Həzi xəritə Seymur Həzi xəritə məsələsində Lavrovu günahlandırdı
Rusiyanın XİN başçısı mina xəritələrini qəsdən Azərbaycana verməyib
Erməni diversantlarından bir qrupunun mina xəritəsi ilə dəyişdirilməsinə ekspertlər öz münasibətlərini bildirməkdə davam edirlər.
SəhərAzəri-nin məlumatına əsasən, bu son mübadilədə Rusiyanın “tam ifşa” olunduğunu bildirən jurnalist Seymur Həzi feysbuk paylaşımında yazır: “Ermənistanın Baş naziri Nikol Paşinyan deyib ki, onun ölkəsi çoxdan minaların xəritəsini Lavrova verib. Əgər həqiqətdirsə, onda Lavrov qəsdən bu xəritələri Azərbaycana vermək istəməyib. Ona görə ki, Rusiya Ermənistanla Azərbaycanın heç cür yumşaq siyasətə keçməsini istəmir. Çünki belə olan halda Rusiya burada nəinki heç kimə lazım olmayacaq, hətta aqressiyanın təşkilatçısı kimi diqqəti cəlb edəcək.”
Müəllifin qənaətincə, bu məsələdən sonra Kremlin həm sülh danışıqlarında vasitəçi kimi, həm də bölgədə sülhün təminatçısı kimi missiyası demək olar ki, ifşa oldu. Pərdələr qalxdı və məlum oldu ki, Rusiya burada vasitəçi deyil, ona verilən mina xəritələrini Azərbaycana verməyib, nə də sülhyaradan deyil, çünki sülh istəyən dinc insanların minalarla partladılıb öldürülməsini istəməz.
Seymur Həzi Rusiyaya qarşı sərt ittihamlarının davamında bildirir: Lavrov məlum səfərindən sonra aranı qatmağa nail olmaq üçün mina xəritələrini deyil, Qafqazın yeni münaqişə xəritələrini verib. Beləliklə, Moskva artıq bu prosesdə ən arzuolunmaz tərəfdir. Əgər beynəlxalq birlik, burada sülh və daimi təhlükəsizlik istəyirsə, deməli, şəksiz təhdid obrazındakı Rusiya bölgədən getməlidir.
Xatırladaq ki, Azərbaycanda saxlanan 15 erməni hərbçisi iyunun 12-də geri verildi. Əvəzində isə ermənilərin Ağdama basdırdıqları 97 min tank və piyada əleyhinə minanın xəritəsi alındı. Azərbaycan hakimiyyəti bunu, müharibə bitəndən sonra hərbi diplomatik sahədə ən ciddi uğuru adlandırır.