Şuşada həssas görüş keçirilir
Türkiyə prezidenti Azərbaycana gəlib
Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan iyunun 15-də Azərbaycan Respublikasına rəsmi səfərə gəlib.
SəhərAzəri-nin məlumatına əsasən, Türkiyə Prezidenti Rəcəb Təyyib Ərdoğanı və xanımı Əminə Ərdoğanı hava limanında Azərbaycan Respublikası Baş nazirinin birinci müavini Yaqub Eyyubov, xarici işlər nazirinin müavini Xələf Xələfov və digər rəsmi şəxslər qarşılayıblar.
Rəsmi səfərlə Azərbaycana gələn Türkiyə Prezidenti R. T. Ərdoğan 27 il sonra Ermənistanın işğalından azad edilmiş Şuşada Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən rəsmi mərasimlə qarşılanacaq.
Azərbaycan Prezidenti ilə təkbətək görüşdən sonra sənədlərin imzalanma mərasimi olacaq. İmzalanma mərasiminin ardınca dövlət başçıları birgə mətbuat konfransı keçirəcək.
Türkiyə dövlət başçısının NATO sammitindən dərhal sonra Azərbaycana gəlişi diqqət çəkib. Səfərin Rusiya ilə razılaşdırılıb razılaşdırılmaması isə müəmma olaraq qalmaqdadır.
Azərbaycanın sabiq baş diplomatı Tofiq Zülfüqarov bildirib ki, Ərdoğan Şuşaya səfəri siyasi ağırlığı ilə seçilir. Çünki Ərdoğan kimi önəmli bir şəxsin Şuşaya gəlməsi dünya mediasının gündəmində olacaq.
Ərdoğanın Şuşaya səfəri ərəfəsində Azərbaycan prezidenti İlham Əliyev Şuşaya gedib. O, Şuşaya gedən avtomobil yolunun Daşaltı kəndi ərazisindən keçən hissəsində inşa olunacaq tunelin təməlini qoyub.
Bundan öncə Əliyev “Füzuli” yarımstansiyasının açılışında iştirak edib, Füzuli Beynəlxalq Hava Limanında, Füzulidən Şuşaya gedən “Zəfər” yolunda tikinti işlərinin gedişi ilə maraqlanıb.