Mina problemi Azərbaycanı hövsələdən çıxarıb
İlham Əliyev: Rayonlarda yüz minlərlə mina var
Azərbaycan Respublikasının prezidenti ermənilərin Qarabağda yüz minlərlə mina basdırdıqlarını bildirib.
SəhərAzəri-nin məlumatına əsasən, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 23-də BMT-nin Sivilizasiyalar Alyansının ali nümayəndəsi Migel Anxel Moratinosu qəbul edərkən deyib: "Mən müharibədən sonra ilk dəfə Ağdama səfər edəndə qəmginlik hissi, kədər hissi, eyni zamanda, şəhərin yenidən qurulması ilə bağlı qətiyyət hissi keçirirdim. Bir aydan da az vaxtda biz artıq yenidənqurma prosesinə başladıq. Siz gördünüz, hər şey dağılıb. Eyni zamanda, təkcə Ağdam rayonunda 97 min mina basdırılıb. Biz Ermənistandan yalnız Ağdam rayonu üzrə mina xəritələrini ala bilmişik, digər rayonlarda yüz minlərlə mina var."
Dövlət başçısı qeyd edib ki, ermənilər xəritələri Azərbaycana verməkdən imtina edirlər və bu səbəbdən Azərbaycanda artıq 100-dən çox ölən və yaralanan oldu. Müharibə başa çatandan sonra minalardan, piyada əleyhinə və tank əleyhinə minalardan 30-a yaxın adam həlak oldu, 100-dən çox mülki şəxs yaralandı, o cümlədən bu ayın əvvəlində 2 jurnalist həlak oldu.