İyun 29, 2021 13:31 Asia/Baku
  • “Özünümüqəddarat” hüququnun istənilməsi gülüncdür-EKSKLÜZİV

Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin Beynəlxalq jurnalistika kafedrasının dosenti ABŞ prezidentinin son Qarabağ açıqlamasını kəskin tənqid etdi.

SəhərAzəri-nin məlumatına əsasən, siyasi elmlər doktoru Sabir Məmmədli Səhər Kanalına verdiyi yazılı eksklüziv müsahibədə bildirib: Paşinyan Qərb ölkələrinin dəstəyi ilə hakimiyyətə gəlib və onun hakimiyyət komandasının aparıcı simaları da qərbyönümlüdür. Amma Ermənistanın iqtisadi bağlantıları, demək olar ki, bütünlüklə Rusiyanın əlindədir. Bununla yanaşı, İkinci Qarabağ müharibəsi dövründə Paşinyan Rusiyadan ayrılıqda fəaliyyət göstərə bilmədi, çünki Azərbaycan Ordusu Ermənistan silahlı qüvvələrini darmadağın edirdi, Qərbin Paşinyana real kömək etmək imkanı yox idi. Üstəlik, Ermənistan Ordusu tamamilə Rusiyanın təsiri altındadır, daima onu silahla təhciz edir, bütün hərbi kadrları Rusiyayönümlüdür və həmişə onları Azərbaycana qarşı istifadə edərək Cənubi Qafqaz bölgəsində öz varlığını saxlamağa çalışır.

Politoloq qeyd etdi ki, bütün bu proseslər fonunda və əsasən də müharibənin nəticələri baxımdan Avropa ölkələri, ATƏT-in Minsk Qrupu, ABŞ Cənubi Qafqazda cərəyan edən hadisələrdən kənarda qaldılar. Bu səbəbdən ABŞ və Avropa ölkələri proseslərə təsir etmək üçün müxtəlif yollar axtarmağa başladılar, gah Minsk Qrupunu dirçəltməyə çalışırlar, gah Ermənistan-Azərbaycan sərhədlərində süni gərginlikdən istifadə edib “qərb müşahidəçilərinin” yardımını təklif edirlər, Paşinyana müxtəlif dəstək formalarını gündəmə gətirirlər. Bütün bu addımların əsasında bu ölkələrin bir istəyi durur – regionda baş verən proseslərdən kənarda qalmamaq və hadisələrə təsir etmək imkanları qazanmaq. Ona görə də münaqışənin hələ bitmədiyini, guya qondarma separatçı rejimə hansısa statusun verilməsinin mümkünlüyünü dilə gətirirlər.

Sabir Məmmədli Səhər Kanalına verdiyi müsahibənin sonunda yazır ki, 30-35 min əhaliyə bir ölkənin daxilində “özünümüqəddarat” hüququ əsasında hansısa statusun verilməsi gülünc və absurdur, heç bir beynəlxalq normaya uyğun gəlmir.

 

 

 

Teqlər