İlham Əliyev ABŞ və Fransaya xitabən:
Əgər kimsə deyirsə ki, münaqişə həll olunmayıb, gəlsin desin, nə həll olunmayıb?
Azərbaycan Respublikası prezidenti İlham Əliyev iyulun 14-də Bakının Binəqədi rayonunda bir qrup şəhid ailəsi ilə görüşü zamanı Dağlıq Qarabağ münaqişəsinin artıq öz həllini tapmış olduğunu təkrar vurğulayıb.
SəhərAzəri-nin məlumatına əsasən,İlham Əliyevə münaqişənin həll olunduğunu və müharibə dövrünün arxada qaldığını bildirib amma eyni zamanda deyib: buna baxmayaraq, biz müharibəyə hər an hazırıq və hazır olmalıyıq",
O qeyd edib ki, Azərbaycan üçün münaqişə ilə bağlı həll edilməmiş məsələ qalmayıb.
"Biz öz sərhədlərimizə çıxmışıq, Ermənistan-Azərbaycan sərhədini nəzarətə almışıq. Biz artıq quruculuq işlərinə başlamışıq. Əgər kimsə deyirsə ki, münaqişə həll olunmayıb, gəlsin desin, bunun həllini necə görür, nə həll olunmayıb?", deyə Əliyev bildirib.
"Əgər dırnaqarası Dağlıq Qarabağın statusundan söhbət gedirsə, mən demişəm, Azərbaycan ərazisində Dağlıq Qarabağ adlı ərazi vahidi yoxdur. Ümumiyyətlə, bu söz, ifadə işlədilməməlidir. Dağlıq Qarabağ yoxdur, Qarabağ var. İyulun 7-də imzaladığım Fərman əsasında Qarabağ iqtisadi zonası yaradıldı, vəssalam. Bütün Qarabağa aid olan rayonlar orada birləşib", deyə Əliyev qeyd edib.
Qeyd edək ki, Azərbaycan Respublikası prezidentinin bu sözlərinin hədəfi, Minsk qrupunun həmsdər ölkələri, xüsusiylə də Fransa və ABŞ-dır. Amerika Qarabağ Münaqişəsinin uzunmüddətli həlli prosesindən danışır, Fransa isə Qarabağ Münaqişəsinin həlli üçün Minsk qrupunun fəaliyyətini vurğulayır.
Analitiklərin fikrincə Qərb dövlətlərinin münaqişənin bitməməsinə israrları onların regiondakı öz maraqlari istiqamətində münaqişə ocaqlarının qaynar qalması istəyindən irəli gəlir. Amma eyni zamanda Azərbaycan ilə Ermənistan arasında münaqişənin tam həll olunduğuna inananların da sayı çox deyil. Hələ iki ölkə arasında sülh müqaviləsinin imzalanmaması, Azərbaycan ərazilərinin bir hissəsində Rusiya sülhməramlılarının nəzarəti altında separatçı rejimin fəaliyyətinin davam etməsi, həmin əraziyə Ermənistan hərbçilərinin gediş-gəlişi, bu ərazidən Azərbayan mövqelərinin vaxtaşırı olaraq atəşə tutulması, bəzi siyasi analitikləri münaqişənin tam bitdiyini deməkdən çəkindirir.