Rusiyanın Ermənistandakı səfiri:
Rusiya sərhədlərə qoşun yeritdi
Rusiyanın İrəvandakı səfiri Ermənistan-Azərbaycan sərhədinin problemli bölgələrinə yerləşdirilmək üçün Rusiyadan xeyli sayda əlavə heyət gətirilməsindən xəbər verib.
SəhərAzəri-nin KONKRET.az-a istinadən verdiyi məlumata görə, Rusiyanın Ermənistandakı səfiri Sergey Kopırkin Ermənistanın İctimai Televiziyasına açıqlamasında deyib ki,Rusiya sərhədçilərinin Azərbaycanla sərhəddə yerləşdirilməsi ideyası Zəngəzurda (Sünik) qismən həyata keçirilib.
Onun sözlərinə görə, Ermənistan-Azərbaycan sərhədinin problemli bölgələrinə yerləşdirilmək üçün Rusiyadan xeyli sayda əlavə heyət gətirilib.
O, iyun ayında Zəngəzura səfər etdiyini, Rusiya və Ermənistan sərhədçilərinin sərhəd postlarını yoxladığını deyib.
Səfir deyib ki, Rusiya sərhədçilərinin, Rusiya bayrağının olması sabitliyin qorunması və hər hansı bir gərginliyin qarşısını almaq üçün vacibdir. O bildirib ki, gündəlik problemlər yaranırsa, onların həllində Rusiya sərhədçiləri iştirak edir:
“Digər problemli ərazilərə gəldikdə isə məsələlər Rusiyanın fəal iştirakı ilə müzakirə olunur. Bu problemin əhəmiyyətini başa düşürük, Rusiya müvafiq addımlar atmağa hazırdır. Amma bu, üçtərəfli formatda müzakirə tələb edən bir məsələdir. Praktiki işlər aparılır”,- deyə Sergey Kopırkin bildirib.
Xatırladaq ki, ikinci Qarabağ müharibəsindən sonra Ermənistan hərbi birləşmələri tərəfindən Azərbaycan Respublikası ordusunun mövqeləri sərhəd boyu hücuma məruz qalır və Azərbaycan Respublikası Müdafiə Nazirliyi tez-tez baş verən bu atəşkəs pozuntuları ilə əlaqədar bəyanatlarında qarşı tərəfin cavab atəşi ilə susdurulduğunu bildirir. İndi sual yaranır: Rusiya bayrağı altında Rusiya hərbçilərinə cavab atəşi mümkün olacaqmı?
Ermənistanla Azərbaycan sərhədlərində Rusiya bayrağının olması artıq bura Rusiya sərhəddidir mesajı anlamına gələ bilərmi? Bunun hüquqi məsuliyyəti varmı?
Bəzi təhlilçilərə görə, Rusiya iqtidarına yaxınlığı ilə tanınan rusiyalı deputat Vladimir Jirinovskinin son açıqlamasında Azərbaycan dövlətini rusiyalı hərbçilərə qarşı hərhansı təhlükə ilə bağlı sərt şəkildə hədələməsindən sonra Rusiya hərbçilərinin sərhədlərə yerləşdirilməsi Azərbaycanın daha da sıxışdırılması anlamına gəlir.