Bahalaşmanın yeni dalğası başlandı
Azərbaycanda çörək, benzin bahalaşdı, növbə hansı məhsulundur?
Azərbaycan Respublikasında bahalığın yeni dalğası başlanıb; çörək və benzin bahalaşıb.
SəhərAzəri-nin məlumatına əsasən, Yeni Müsavat qəzeti bu barədə yazır ki, Azərbaycanda son iki gündə iki məhsulun bahalaşması ciddi müzakirələrə səbəb olub: benzin və çörək. Bunlardan birincidə bahalaşan “varlı”ların benzinidirsə, ikincidə söhbət milyonlarla insanın qida rasionunda mühüm yer tutan çörəkdən gedir.
Dünəndən etibarən ölkədə Aİ-95 və Aİ-98 markalı benzinlərin qiyməti qaldırılıb: birinci 1,45 manatdan 1,60 manata, ikinci isə 1,60 manatdan 1,90 manata. Bu benzinlərin ikisi də iyunun əvvəlində 15 qəpik, Aİ-95 isə iyulun 31-də daha 5 qəpik bahalaşmışdı. Bu benzinlərin yeganə idxalçısı olan SOCAR-dan bahalaşmanın mənşə ölkəsindəki qiymət dəyişikliyindən irəli gəldiyi açıqlanıb.
Son bahalaşma Azərbaycanda yüksək keyfiyyətli benzin istehsalının hələ də təmin olunmaması problemini yenidən aktuallaşdırır.
Xatırladaq ki, 2008-ci ildə Azərbaycanda yeni və müasir texnologiyalı neft emalı zavodunun tikilməsinə dair qərar qəbul olunmuş, Qaradağ rayonu ərazisində yer müəyyənləşdirilmiş, ilkin hazırlıq işlərinə başlanmışdı. Lakin 2014-2015-ci illərdə neftin qiyməti kəskin ucuzlaşdı və hökumət planı dəyişdi.
Çörəyin qiymətinə gəlincə, artıq iki gündür bir neçə iri zavodun istehsal etdiyi çörəyin qiymətini 5-10 qəpik arası artırdığına dair məlumat yayılır. Azərbaycan ərzaqlıq buğdanın demək olar ki, hamısını xaricdən idxal edir. Buna görə də daxildə çörəyin qiyməti buğdanın dünya bazar qiymətindən birbaşa asılıdır. Dünya bazarında isə buğda durmadan bahalaşır.